Azərbaycan güləşçiləri Bolqarıstanda daha 3 medal qazanıblar

Bolqarıstanın Veliko Tırnovo şəhərində güləş üzrə Dan Kolov –
Nikola Petrov xatirə turniri davam edir.

Trend xəbər
verir ki, yarışın ikinci günündə 4 sərbəst güləşçimiz mübarizəyə
qoşulub.

Təmsilçimiz Əfqan Xaşalov (57 kq) səkkizdəbir finalda Arun Aruna
(Hindistan) “tuşe” ilə qalib gəldikdən sonra iranlı Rza
Momenijuzadəni də vaxtından əvvəl üstələyib – 10:0. Ə.Xaşalov
yarımfinalda hindistanlı Aman Amanla qarşılaşmada zədələndiyindən
görüşü məğlub başa vurub.

Güləşçimiz Əliabbas Rzazadə (57 kq) startda bolqarıstanlı İvaylo
Tısova heç bir şans verməyib – 10:0. Ancaq həmyerlimiz belaruslu
Ariyan Tiutrinlə görüşdə son saniyələrdə üstünlüyü əldən verərək
məğlub olub – 6:8. Ə.Rzazadə fevralın 19-da keçirilən təsəlliverici
görüşdə gürcüstanlı Qoqa Ciquaya “tuşe” ilə qalib gəlib.
Təmsilçimiz amerikalı Niko Provonu isə cəmi 45 saniyəyə tam
üstünlüklə məğlub edərək (10:0) bürünc medala sahib çıxıb.

Turan Bayramov (74 kq) təsnifat mərhələsində yerli idmançı
Mixail Georgiyevi məyus etdikdən (3:0) sonra Bolqarıstanın digər
təmsilçisi Aykan Seidə tam üstünlüklə qalib gəlib – 12:0.
T.Bayramov dörddəbir finalda əlcəzairli Abdelkader İkkaldan güclü
olub – 6:0. Macarıstanlı Murad Kuramqomedovla görüşdə yekun hesab
1:1 olub və sonuncu xalı güləşçimiz aldığı üçün həmyerlimiz finala
yüksəlib.


Mübarizəyə səkkizdəbir finaldan qoşulan Cəbrayıl Hacıyev (74 kq)
qazaxıstanlı Sultan Jaksiliki “tuşe” ilə yolundan kənarlaşdırdıqdan
sonra gürcü Dimitri Jioeviyə də vaxtından əvvəl qalib gəlib – 12:1.
Təmsilçimiz yarımfinalda bolqarıstanlı Ali-Paşa Umarpaşayev
üzərində 8:3 hesablı qələbə qazanaraq finala yüksəlib.

Fevralın 19-da 74 kiloqram çəki dərəcəsində finalda millimizin
iki üzvü qarşılaşıb. T.Bayramova 3:1 hesabı ilə qalib gələn
C.Hacıyev qızıl medal qazanıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçimiz Osman Nurməhəmmədov
(92 kq) və qadın güləşçimiz Elis Manolova (65 kq) bürünc medal
qazanıblar.

Teqlər: