Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası təsis olunub (FOTO)

Xəbər - Samir Əli – Trend:

“Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin təsis olunmasına həsr edilmiş toplantı keçirilib. Aqrar Tədqiqatlar Mərkəzində keçirilən toplantıda Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, ölkədə gülçülüklə məşğul olan şirkətlərin təmsilçiləri və sahibkarlar iştirak ediblər.

Trend xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov bildirib ki, ölkədə gül istehsalının genişləndirilməsi üçün böyük potensial var. Həmçinin gülün böyük ixrac potensialının da olması bu sahəyə marağı artırır. Gül istehsalçılarının vahid platformada birləşməsi isə onların daha səmərəli fəaliyyətinə müsbət təsir edəcək. Bu səbəbdən gülçülərin bir araya gələrək ictimai birlik təsis etməsi təşəbbüsü təqdirəlayiqdir və Nazirlik istehsalçıların ixtisaslaşmış birliklər formatında təşkilatlanması təşəbbüslərini hər zaman dəstəkləyir.

A. İsmayılovun sözlərinə görə, yaradılacaq Assosiasiya gül istehsalçılarına bir sıra üstünlüklər verəcək, onların mütəmadi bir araya gələrək təcrübə mübadiləsi aparmalarına, ölkədə gülçülüyün inkişafına dair təkliflər hazırlamalarına şərait yaradacaq.
Nazirlik rəsmisi, həmçinin dövlət-özəl əməkdaşlığının sahənin inkişafına daha da təkan verəcəyini qeyd edib.

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib ki, gül istehsalı perspektivli, eyni zamanda böyük ixrac potensialı olan sahədir. Gəlirli olduğu üçün gülçülük ölkədə məşğulluğun artırılması baxımından da faydalı olacaq.
Daha sonra tədbir iştirakçıları Azərbaycan Respublikasında gülçülüyün inkişafına dair fikirlərini bölüşüblər.

Toplantının sonunda “Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin təsis olunması barədə qərar qəbul olunub. Müzakirələrdən sonra Birliyin Nizamnaməsi təsdiq edilib. Səsvermə nəticəsində Cavid Axundov Assosiasiyanın sədri seçilib. Bundan başqa, Assosiasiyanın 7 nəfərdən ibarət İdarə Heyəti də formalaşdırılıb.

Assosiasiyanın rəsmi qeydiyyatdan keçirilməsi üçün sənədlər hazırlanaraq Ədliyyə Nazirliyinə göndəriləcək.

Teqlər: