Planetin ən böyük idman yarışının başlamasına artıq 15 gün qaldı.
Azərbaycan Gimnastiak Federasiyasından AzerTimes-a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmış idmançılar səbirsizliklə karyeralarının ən vacib yarışının başlayacağı 23 iyul tarixini gözləyirlər.
Gimnastlarımız da bu mühüm yarışda iştirak etmək üçün son hazırlıq mərhələsində səylə çalışırlar və çıxış proqramlarını daha da təkmilləşdirirlər.
Azərbaycan Tokio-2020 çərçivəsində 3 gimnastika növü üzrə 4 yarışda təmsil olunacaq. Bədii gimnastika üzrə yarışlarda təmsilçimiz Zöhrə Ağamirova (fərdi proqram) və Zeynəb Hümmətova, Ləman Əlimuradova, Yelizaveta Luzan, Darya Sorokina və Nərminə Səmədovadan ibarət qrup hərəkətləri komandasıdır. Qeyd edək ki, ölkəmiz Olimpiadada qrup hərəkətləri komandası üzrə yarışlarda 13 ildən sonra yenidən qatılacaq.
İki gimnastımız isə idman gimnastikası üzrə yarışlarda iştirak edəcək: qadın idman gimnastikası üzrə yarışmada Marina Nekrasova, kişi idman gimnastikasında isə İvan Tixonov medallar uğrunda mübarizə aparacaq. Xatırladaq ki, Marinanın əldə etdiyi lisenziya Azərbaycanın qadın idman gimnastikası tarixində qazanılmış ilk Olimpiya lisenziyasıdır.
Gimnastika yarışları Tokionun Ariake Arenasında baş tutacaq.
Olimpiya Oyunlarında gimnastlarımızın iştirakı ilə bağlı yenilənən məlumat federasiyanın sosial şəbəkə hesablarında və rəsmi saytında əks olunacaqdır.