Xəbər - Cani Babayeva – Trend:
Azərbaycan idmançıları yüksək rəqabətə baxmayaraq, aerobika gimnastikası üzrə Dünya Yaş qrupu yarışlarında layiqli mübarizə aparmağa çalışacaqlar.
Bu barədə AzerTimes-a Azərbaycan yığmasının baş məşqçisi Mariyan Kolev bildirib.
Onun sözlərinə görə, Bakıda keçirilən aerobika gimnastikası üzrə Dünya Yaş Qrup Yarışlarında idmançılar arasında mübarizə əlbətdə güclü olacaq:
“Azərbaycan gimnastları məşqlərə çox ciddi yanaşırlar. Bir tərəfdən yarışların Bakıda, doğma zalda keçirilməsi onlara kömək edir, digər tərəfdən məsuliyyət də əlavə edir.
Gimnastlarımız Bakıda yarışların keçirilməsinə icazə verildiyini öyrənəndə çox sevindilər. Yarışmanın olub-olmayacağını yüzdə 100 bilmirsinizsə, idmançıların motivasiyası da azalır. Ancaq müsabiqənin keçirilməsinə icazə verdiklərini elan etdikdə motivasiyaları artdı və məşqə daha da çox enerji sərf etməyə başladılar”.
Yarışda Azərbaycandan 14 gimnastın iştirak edəcəyini söylədi – bunlardan səkkizi 12-14 yaş, altısı 15-17 yaş kateqoriyasındadır.
Onun sözlərinə görə, xarici ölkələrdən olan komandaların təmsilçiləri Bakıda yarışların təşkilindən məmnun qalıblar:
“Hər kəs Azərbaycanda yarışların necə keçirildiyini çox yaxşı bilir. Əminəm ki, hər kəs xoşbəxt və razıdır. Etiraf edim ki, özüm bir çox beynəlxalq yarışlarda həm məşqçi kimi, həm də idmançı kimi iştirak etmişəm, amma dünyanın heç bir yerində Bakıdakı kimi bu cür təşkilatçıılıq, belə bir zal yoxdur”.
Azərbaycan Gimnastika Federasiyası 21-23 may tarixlərində ilk dəfə olaraq aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarını təşkil edəcək.
İlkin qeydiyyat siyahısına əsasən, yarışlarda 18 ölkədən 202 gimnastın iştirakı gözlənilir.
Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparacaqlar.
Hər iki yaş qrupunda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə təsnifat və final mərhələlərində çıxış edəcəklər. Bununla yanaşı, 15-17 yaşlı idmançılar aero dans proqramında da öz qüvvələrini sınayacaqlar.
Azərbaycanı yarışlarda Leyla Abdullazadə, Arzu Ağayeva, Leyla Əhmədova, Sara Əlixanlı, Aylin Əliyeva, Rövşanə Bağırzadə, Leyla Bejanova, Dilarə Qurbanova, Fidan İbrahimova, Aliyə İsmayılova, Sənəm Kazımova, Evelina Kozlovskaya, Emiliya Mahmudova və Məryəm Topçubaşova təmsil edəcək.
Yarışlar Azərabycanda mövcud karantin qaydalarının tələblərinə uyğun olaraq tamaşaçısız keçiriləcək.