Xəbər - Cani Babayeva – Trend:
Mən artıq Bakıda Milli Gimnastika Arenasında iştirak etmişəm və bilirəm ki, burada yarışlar çox gözəl keçirilir.
Bunu AzerTimes-a bədii gimnastika üzrə Dünya Kubokunda iştirak edən Misir gimnastı Həbibə Marzuk deyib.
O bildirib ki, Bakıda üçüncü dəfə çıxış edir:
“Yarış həmişəki kimi yüksək səviyyədə keçir. Azərbaycan Gimnastika Federasiyası növbəti dəfə bizi qüsursuz təşkilatçılığı ilə təəccübləndirə bildi”.
Gimnast etiraf edib ki, Bakıda çıxış etməsinə baxmayaraq, xalçaya çıxarkən həyəcan hissi keçirir.
H.Marzuk həmçinin bədii gimnastika üzrə Misir komandasının azərbaycanlı məşqçisi Jalə Qaratova barədə də danışıb:
“Jalə Qaratova əsl peşəkardır, o, məşqçilik fəaliyyətinə çox ciddi yanaşır. Hiss olunur ki, öz işini çox sevir”.
Qeyd edək ki, bədii gimnastika üzrə Dünya Kuboku mayın 7-dən 9-dək keçiriləcək.
Azərbaycanı Dünya Kubokunda Yay Universiadasının gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış Zöhrə Ağamirova, gənclər arasında dünya çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova, eləcə də son Avropa çempionatının üçqat medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış qrup hərəkətləri komandası (Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova, Darya Sorokina) təmsil edəcək.
Dünya Kubokunda 36 ölkədən qrup komandaları tərkibində 106 (18 qrup), fərdi proqram üzrə isə 63 gimnast mübarizə aparacaq.
Ənənəyə uyğun olaraq yarışlarda ən çox xal toplamış gimnasta “AGF Trophy” kuboku təqdim olunacaq.
(Tərcümə: Orxan Nəbiyev)