Xəbər - Cani Babayeva – Trend:
Azərbaycan Gimnastika Federasiyası həmişə yarışları çox gözəl təşkil edir.
Bu barədə AzerTimes-a Bakıda batut gimnastikası və tamblinq üzrə 35-ci dünya çempionatında iştirak edəcək Qazaxıstan gimnastı Danil Musabayev bildirib.
Gimnast qeyd edib ki, yarışların keçirildiyi gimnastika arenasının zalı geniş və rahatdır, yaxşı işıqlandırılması var:
“Qazaxıstan komandası yəqin ki, altıncı dəfədir Bakıya gəlir – yarışlardan əlavə, burada davamlı olaraq təlim-məşq toplanışı keçiririk. Gimnastika Arenasının əla bazası var, ona görə də bu dəfə biz yarışa uyğunlaşmaq, hazırlaşmaq və çempionatda yaxşı çıxış etmək üçün yarışa iki həftə qalmış gəldik”.
Danil Musabayev vurğulayıb ki, pandemiya zamanı Milli Gimnastika Arenasında bütün lazımi tədbirlər görülür – maska rejiminə əməl olunur, hər yerdə antiseptiklər var və s.
Gimnast onu da qeyd edib ki, qarşıdan gələn dünya çempionatında Rusiya və Belarus təmsilçilərini ciddi rəqib hesab edir:
“Hesab edirəm ki, Çini güclü gimnastlar təmsil edir, lakin Bakıda keçirilən dünya çempionatına gənclərdən ibarət heyət gəlib, Rusiya və Belarus idmançıları da ciddi rəqiblərdir”.
Noyabrın 18-21-də Bakıda batut gimnastikası və tamblinq üzrə 35-ci dünya çempionatı keçiriləcək. Yarışda 33 ölkədən 270-ə yaxın gimnast iştirak edəcək.
Dörd gün davam edəcək çempionatda idmançılar fərdi və sinxron batutla tullanma proqramında, həmçinin tamblinq üzrə və qoşa mini batutda çıxış edəcəklər. Komanda yarışında da qaliblər müəyyənləşəcək.
Çempionatın ilkin təqviminə əsasən, ilk iki gündə təsnifat yarışı, son iki gündə isə final çıxışları baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.