Xəbər - Maryana Əhmədova, Cani Babayeva – Trend:
Azərbaycan Gimnastika Federasiyası Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatını yüksək səviyyədə təşkil edib.
Bunu Trend-ə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) batut gimnastikası üzrə Texniki komitəsinin vitse-prezidenti Migel Visente deyib.
“Biz burada olmaqdan məmnunuq. Azərbaycan yarışı çox yüksək səviyyədə təşkil edib. Bizim idman növü üçün hər il yarışların keçirilməsi vacibdir. Biz Azərbaycan Gimnastika Federasiyasına dünya çempionatının gözəl təşkilinə görə təşəkkür edirik. Azərbaycan çox sayda gimnastika yarışları təşkil edir, ona görə biz özümüzü burada evdəki kimi hiss edirik” – deyə, o bildirib.
Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.
4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edir. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.
(Tərcümə: Orxan Nəbiyev)