Azərbaycan Gimnastika Federasiyası Bakının Binə qəsəbəsində yerləşən Ümid Yeri Uşaq Sığınacağında xeyriyyə aksiyası keçirib.
AzerTimes-ın məlumatına görə, tədbir Bakıda keçiriləcək batut gimnastikası, qoşa mini batut və tamblinq üzrə 35-ci dünya çempionatına həsr olunub.
Xeyriyyə aksiyası çərçivəsində Azərbaycan Gimnastika Federasiyasının əməkdaşları ilə birlikdə dünya çempionatının ulduz səfirləri Karen Kokbern (Kanada) və Devid Martin (Fransa) Uşaq sığınacağını ziyarət ediblər.
Onlar Uşaq sığınacağında yaradılan şəraitlə tanış olub, onun rəhbəri və müəssisənin əməkdaşları ilə söhbət ediblər.
Dünya çempionatının ulduz səfirləri Ümid Yeri Uşaq Sığınacağının yetirmələri ilə tanış olaraq söhbət ediblər
Xüsusilə qonaqlar üçün uşaqlar tamaşa hazırlayıb, musiqi parçaları ifa ediblər.
Ulduz səfirlər və Federasiya əməkdaşları uşaqlara hədiyyələr təqdim edib, xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, Bakıda batut gimnastikası və tamblinq üzrə 35-ci dünya çempionatı noyabrın 18-dən 21-dək keçiriləcək. Yarışda 3 ölkədən 300-dək gimnast iştirak edəcək.
4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.
Yarışların ilkin cədvəlinə əsasən ilk iki gün təsnifat, sonuncu iki gün isə finallar keçiriləcəkdir. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramlarda çıxış edə bilər. Çempionatda hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq.