Azərbaycan gənclərinin evliliklə bağlı düşüncələri -Tədqiqat nəticələri

Xəbər - İlhamə İsabalayeva – Trend:

Müşahidələr göstərir ki, erkən nikah faktlarına bu və ya digər səbəblərdən daha çox təhsilini başa vurmamış şəxslər arasında çox təsadüf olunur. Halbuki təhsilli, xüsusilə ali təhsilli gənclərin böyük əksəriyyəti daha çox təhsilini başa vurduqdan və hətta iş həyatında müəyyən bir karyeraya nail olduqdan sonra ailə həyatı qurmağa üstünlük verirlər.

Bunu AzerTimes-a gənclərimizin nikah və ailə institutu ilə bağlı fikirlərini öyrənmək üçün uzun illər Azərbaycan ailəsi və nikah institutu sahəsındə tədqiqatlar aparan Türkiyənin Üsküdar Universitetinin Sosiologiya kafedrasının müdiri, sosiologiya elmləri doktoru, professor Əbülfəz Süleymanlı deyib.

Onun sözlərinə görə, Azərbaycanda və xaricdə təhsil alan 900 gənc respondent arasında apardığı geniş miqyaslı tədqiqat da onun söylədiyi bu fikirləri təsdiq edir.

Sosioloq qeyd edib ki, 80 sualdan ibarət tədqiqatın respondenlərinə “Sizin fikrinizcə, qadınlar üçün ən uyğun evlilik yaşı neçə olmalıdır?” sualı verilərkən onların 30,3 faizi 25 yaş, 19,5 faizi 23 yaş, 15 faizi isə 24 yaş olduğunu qeyd ediblər.

“Sizin fikrinizcə, kişilər üçün ən uyğun evlilik yaşı neçə olmalıdır? sualına respondentlərin 23,1 faizi 25 yaş, 17,1 faizi 26 yaş, 17,1 faizi isə 28 yaş olduğu qeyd ediblər:

“Nəticələrdən də göründüyü kimi, təhsil alan gənclərimizin böyük əksəriyyəti nəinki erkən nikah haqqında düşünmürlər, əksinə ailə qurmaq haqqında planlarını karyeralarına bağlı olaraq nəzərdən keçirmək haqqında fikirləşirlər. Belə ki, respondentlərə ünvanlanan və birdən çox cavab variantının qeyd oluna biləcəyi “Ailə həyatı qurmağınızı hansı şərtlərə bağlayırsınız?” sualına respondetlərin 74,5 faizi “iş tapmaq və karyera qurmaq”, 48,3 faizi “ali təhsil müəssisəsindən məzun olmaq”, 40,5 faizi isə “ev almaq”, 83,5 faizi isə “münasib həyat yoldaşı namizədi tapmaq” planına bağlı olduqlarını qeyd ediblər”.

Ə.Süleymanlı qeyd edib ki, gənclərə ünvanlan “ Evlilik sizi qorxudurmu?” sualına respondentlərin 48,3 faizi “xeyr, qorxutmur”, 38,6 faizi “bəli qorxudur” , 13,1 faizi isə “bu haqda fikirim yoxdur” cavab variantını seçmişlərdir. “Evlənmək məni qorxudur” deyən respondentlərə ünvanlanan və birdən çox cavab variantının qeyd oluna biləcəyi “Evlənməkdən niyə qorxursunuz?” sualına isə respondentlərin 63,7 faizi “üzərimə məsuliyyət götürməkdən qorxduğum üçün”, 54 faizi “yaşayış çətinlikləri ilə üzləşəcəyimdən qorxduğum üçün”, 39,2 faizi “Ailə həyatı qurmamışdan əvvəl etdiklərimi edə bilməyəcəyimdən qorxduğum üçün” , 30,8 faizi isə “gələcək haqqında nikbin olmadığım üçün” cavabını veriblər:

“Bu da öz növbəsində xüsusilə bir grup ali təhsilli gənclərin gələcəkdə ailə həyatı qurmaq haqqında müəyyən problemlər yaşaya biləcəyini və bunun ortadan qaldırılması üçün bu gəncləri ailə həyatına hazırlayan xüsusi psixoloji programların tətbiqini və yeni nikaha daxil olma mərhələsində olan gənclərə ünvanlanmış maddi dəstək layihələrinin (toy xərcləri və cehiz üçün güzəştli kreditlərin verilməsi, gənc ailələrin mənzil komunal şəraitinin yaxşılaşdırlması üçün güzəştli ipoteka kreditlərinin verilməsi və s.) həyata keçirilməsini zəruri edir”.

Ə.Süleymanlı bunu da təəssüflə qeyd edib ki, son vaxtlar ölkəmizin fərqli regionlarında sırf valideynlərin təkidi və qərarı ilə qız və oğlanların erkən yaşda ailə həyatı qurması hallarına rast gəlinir.

Belə evliliklərin daha çox mənfi fəsadlar yaratdığını deyən sosioloq bunun səbəbini ailə həyatı qurmağa hazır olmayan və özü uşaqlıq dövründə olan fərdlərin valideynlərinin məcburiyyəti ilə ailə qurmağa sövq olunması ilə izah edib:

“Bu da həmin fərdlərin sonrakı həyatlarında çoxsaylı problemlərlə üzləşməsinə səbəb olur. Bu problemlərin bir qismi tibbi mahiyyətdə (erkən hamiləliyin fəsadları və s) olduğu halda, əhəmiyyətli bir hissəsi sosial-iqtisadi məzmunlu problemlərdir. Belə ki, yetkinlik yaşına çatmayan qız və oğlanlar ailə qurarkən təhsillərini davam etdirə bilmədikləri üçün heç bir peşəyə və ixtisasasa yiyələnə bilmirlər. Bu isə işsizlik və məşğulluq probleminin yaranmasına səbəb olur, həmçinin ailənin dolanışığına mənfi təsir göstərərək, həmin cütlüklərin valideynlərdən asılılıqlarını artırır”.

Ə.Süleymanlı bildirib ki, bu növ nikahlarda boşanma hallarının sayında artım, fiziki və cinsi zorakılığa məruz qalma halları da müşahidə olunur:

“Başqa tərəfdən isə özləri daha uşaq sayıla biləcək yaşda olan fərdlər övlad sahibi olduqda onlara həm baxmaqda çətinlik çəkirlər, həm də lazımi səviyyədə tərbiyə verə bilmirlər. Bu öz növbəsində bu cür ailələrdə dünyaya gələn uşaqlarda sosiallaşma problemlərinin meydana gəlməsinə səbəb olur”.

Teqlər: