“Gənclər bizim gələcəyimizdir” şüarı həmişə dəyişməz olaraq qalır. Çünki hər bir dövlətin gələcəyi yetişməkdə olan gənc nəsildən, onun fiziki və mənəvi sağlamlığından, Vətəninə bağlılığından asılıdır.
Bu sözləri Milli Məclisin deputatı Pərvin Kərimzadə söyləyib.
Deputat qeyd edib ki, bu gün ölkəmizdə gənclərin sosial müdafiəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli-ədəbi irsə bağlılığının, asudə vaxtlarının təmin edilməsi ilə bağlı həyata keçirilən coxşaxəli tədbirlər ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin məntiqi davamıdır.
Hər il ölkəmizdə təntənə ilə qeyd edilən 2 Fevral – Gənclər Günü də gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, gənclər siyasətini müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi müəyyən edən ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət Heydər Əliyev gəncliyə böyük ümid bəsləyib, müstəqilliyimizin qorunub saxlanılmasında və əbədi olmasında gənc nəslin çiyinlərinə daha ağır yükün düşdüyünü bildirib. Azərbaycanın gələcəyinin yetişən gənc nəsildən asılı olduğunu xüsusi vurğulayan, “Mənim üçün ən əziz nemət Azərbaycan uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azəbaycan Prezidenti kimi mən bugün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”, deyən Ulu Öndər Azərbaycan gəncliyinə xitabən deyirdi: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
Azərbaycan müstəqillik qazandıqdan sonra ən çox diqqət yetirilən sahələrdən biri də gənc nəslin təlim-tərbiyəsi oldu. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı məqsədyönlü fəaliyyət proqramı nəticəsində ölkəmizdə böyük, vətənpərvər gənclər ordusu yarandı. Bu gün ölkədə gedən bütün islahatların mərkəzində gənclər dayanır. Bu gənclər dövlət müstəqilliyinin möhkəmləndirilməsində, ölkədə uğurlu islahatların həyata keçirilməsində, dövlət qarşısında duran vacib problemlərin həllində öz sanballı töhfələri ilə fəallıq göstərirlər Ölkə Prezidentinin gəncləri düzgün yola istiqamətləndirməsi, gəncliyə xüsusi diqqət və qayğı göstərməsi ölkəmizin sürətli inkişafına böyük təsir göstərib.
Azərbacan gəncləri “Gənclər, mən sizə inanıram, güvənirəm”, deyən ölkə Prezidenti İlham Əliyevin gənclərə ünvanladığı bu fikirləri, etibarı, etimadı hər zaman doğrultdular. 44 gün ərzində davam edən Vətən müharibəsində xalqımızın milli birliyi ilə əldə olunan qələbədə, Zəfər tarixinin yazılmasında gənclərimizin xüsusi payı var. Azərbaycan gənci Müzəffər Ali Baş Komandanın bir əmri ilə döyüşə getməyə, torpaqlarımızı erməni işğalçılarından azad etməyə hazır olduqlarını nümayiş etdirdilər. On minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə ərazi şöbələrinə müraciət etdi. Əslində bu müraciətlər gənclərin Vətənə hesabatı oldu.
Əks-hücum əməliyyatı kimi başlayan, Vətən müharibəsi kimi davam edən döyüşlərdə əzmlə, mərdliklə xidmət etmək, Vətən uğrunda döyüşmək, Vətəni qorumaq hər bir Azərbaycan vətəndaşının, hər bir Azərbaycan əsgərinin, Azərbaycanın hər bir gəncinin vətənpərvərlik fəlsəfəsinə çevrilmişdi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qələbəsi bir terror şəbəkəsini zərərsizləşdirmək, regiona sülh, əmin-amanlıq gətirməklə yanaşı milli birliyimizin, Azərbaycan gənclərin gücünün, qüdrətinin göstəricisi oldu.
Millətin gələcəyinin, inkişafının təməl daşı olan gənclərimiz mərdlikləri, qəhrəmanlıqları ilə Ulu Öndərin və ölkə Prezidentinin etimadını layiqincə doğrultmağa, üzərlərinə düşən missiyanı yerinə yetirməyə qadir olduqlarını təsdiq etdilər.