Tarixən gənclər cəmiyyətin əsas hərəkətverici və aparıcı qüvvəsi olmaqla hər bir dövlətin gələcək inkişafının müəyyən olunmasında mühüm rol oynayıb. Ölkəmizdə də onların rolu həmişə yüksək qiymətləndirilib, perspektivli fəaliyyətləri üçün hər cür şərait yaradılıb. Ulu Öndər Heydər Əliyev istər sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, istərsə də müstəqil respublikamızın prezidenti olarkən gənclərə xüsusi diqqət yetirirdi, onların sağlam mühitdə böyüməsi və tərbiyə alması, müasir elmi biliklərə yiyələnməsi, peşəkar kadr kimi yetişməsi üçün dövlət səviyyəsində hər şeyi edirdi. Gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalanır, onların sosiallaşmasına xüsusi diqqət yetirilir, müxtəlif proqramlar hazırlanır, görüşlər keçirilir, layihələr icra olunurdu. Bir sözlə, gənclər siyasəti Ulu Öndərin siyasi fəaliyyətinin mühüm tərəfini təşkil edirdi.
Bu fikirləri AzerTimes-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması Azərbaycan gənclərinin həyatında əlamətdar bir hadisə idi: “Nazirlik ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirməklə bu sahədə vahid dövlət siyasətinin reallaşdırılmasını təmin edir. Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilir. Bu da gənclərin cəmiyyətin həyatında rolunun artmasında, ölkənin gələcək inkişafında onların iştirakının və məsuliyyətinin yüksəlməsində, ölkə gəncləri arasında fikir mübadiləsinin aparılmasında mühüm rol oynayır. 1997-ci il fevralın 2-də Ulu Öndər tərəfindən imzalanan Fərmanla fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. O vaxtan başlayaraq hər il ölkəmizdə Gəncləri Günü təntənəli şəkildə qeyd olunur.
Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər ümumilikdə respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün hərtərəfli şərait yaratdı, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etdi”.
S.Möhbalıyev qeyd edib ki, Ulu Öndər tərəfindən əsası qoyulan gənclər siyasəti bu gün dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və gənclər ölkəmizin dinamik inkişafında müstəsna rol oynamaqdadır: “2007-ci ilin “Gənclər ili” elan edilməsi gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Gənclərin rifahına xidmət edən dövlət proqramlarının icrası gənclərin potensialının inkişafına, məşğulluğunun təmin olunmasına mühüm töhfələr vermişdir. Dövlətimiz tərəfindən gənclərin dövlət quruculuğu prosesində və ölkənin ictimai-siyasi həyatında fəaliyyəti təmin olunur, yaradıcı gənclərin potensialı, qüvvəsi, bilik və bacarığı yüksək qiymətləndirilir, həmçinin gənclərin təhsil və sosial problemlərinin həlli, onlar üçün yaradıcı mühitin formalaşdırılması, gənc ailələrin sosial, məişət problemlərinin aradan qaldırılması istiqamətində davamlı işlər görülməkdədir”.
“Parlaq Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycan gəncləri üçün böyük bir sınaq oldu. Müzəffər Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşən gənclərimiz böyük birlik nümayiş etdirdilər və Vətən müdafiəsinə qalxdılar. Məhz onların vətənpərvərlik hissi, yüksək döyüş ruhu 30 ilə yaxın müddət ərzində düşmən işğalında olan torpaqlarımızı cəmi 44 günə azad etdi, hər biri işğalçı düşmənə qarşı rəşadətlə döyüşdü. Vətən müharibəsi göstərdi ki, onlar dövlətə sədaqət, Vətənə sevgi ruhunda tərbiyə alıblar və hər zaman müstəqilliyimizin, suverenliyimizin, dövlətçiliyimizin keşiyində ləyaqətlə dayanacaqlar. Ümidvarıq ki, yetişəcək yeni-yeni nəsillər böyük birlik və qəhrəmanlıq nümayiş etdirmiş bugünkü Azərbaycan gəncliyindən nümunə götürəcək və onların yolunu şərəflə davam etdirəcək”, – Milli Məclisin deputatı deyib.
“Gənclərin böyük qisminin həmkarlar ittifaqı sıralarında birləşməsi təşkilatımızın bu istiqamətdə məsuliyyətini daha da artırır. Belə ki, həmkarlar ittifaqı üzvlərinin 22.2 faizini (29 yaşadək) gənclər təşkil edir. AHİK müxtəlif vaxtlarda “Azərbaycanda uşaq və gənclərin hüquqlarının müdafiəsi və mənəvi tələbatlarının ödənilməsi sahəsində həmkarlar ittifaqlarının fəaliyyəti və tədbirlər planı”, “Gənclər siyasəti konsepsiyası”, “Azərbaycan həmkarlar ittifaqlarının gənclər siyasətinin həyata keçirilməsi”, “Azərbaycan həmkarlar ittifaqlarının gənclər siyasəti üzrə fəaliyyətinin əsas istiqamətləri” və b. qərarlar və digər sənədlər qəbul etmiş və uğurla həyata keçirilmişdir”.
Konfederasiya sədri əlavə edib ki, Azərbaycan həmkarlar ittifaqları işləyən və təhsil alan gənclərin hüquqlarının müdafiəsi, işəgötürənlər tərəfindən gənclərin hüquqlarına əməl olunması, gənclərin həmkarlar ittifaqı sıralarına cəlb olunması və fəal gənclərin sayının artırılması istiqamətində də səylə çalışır: “AHİK-in dəstəyi ilə hər il yay aylarında həmkarlar ittifaqlarının gənc liderlərinin forumları keçirilir, həmçinin həmkarlar ittifaqlarının rəhbər strukturlarında gənc kadrların sayını çoxaltmaq məqsədilə maarifləndirmə kursları təşkil olunur. İl ərzində 100-dən artıq gənc bu kurslarda öz bilik və bacarıqlarını artırır. Bundan başqa, ali və orta təhsil müəssisələrində əlaçı tələbə-gənclər üçün adlı təqaüdlər təsis edilir və onlara mükafatlar təqdim olunur. Həmçinin AHİK tərəfindən “İlin peşəkar gənci” fəxri adı təsis edilib və peşəkarlığı ilə həmkarlar ittifaqının fəaliyyətində fərqlənən gənclər qiymətləndirilir. İndiyə kimi 27 sahə həmkarlar ittifaqı təşkilatından 300 nəfərdən artıq gənc bu fəxri ada layiq görülüb”.
S.Möhbalıyev vurğulayıb ki, Azərbaycan həmkarlar ittifaqları bundan sonra da gənclərlə bağlı fəaliyyətini uğurla davam etdirəcək, dövlətimizin bu istiqamətdə gördüyü bütün işlərə fəal dəstək verəcək: “Bir daha gənclərimizi Gənclər Günü münasibətilə təbrik edir, onlara dövlətimizin daha inkişafı yolunda böyük nailiyyətlər arzulayıram. Bayraminiz mübarək, Azərbaycan gəncləri!”