Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) Ermənistanın Oxçuçayı çirkləndirməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.
AzerTimes-ın məlumatına görə, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ölkə ərazisindən keçən transsərhəd çaylardan biri olan Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
Müraciətdə qeyd edilir ki, Azərbaycan gəncləri və gənclər təşkilatları beynəlxalq ictimaiyyətin diqqətini transsərhəd çayı olan Oxçuçayın Ermənistan tərəfindən daim çirklənməyə məruz qalmasına və onun çirklənməsinin əhalimizin istifadə etdiyi su ehtiyatlarının keyfiyyətinə birbaşa təhlükə törətməsinə çəkiblər.
Bundan əlavə, gənclər təşkilatları Oxçuçayın çirklənməsinin nəticəsi olaraq biomüxtəliflik, ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını diqqətə çatdırıblar.
Gənclər təşkilatları regionda ekoloji təhlükəsizliklə bağlı Ermənistan hakimiyyətinin məsuliyyət daşıdığını qeyd etməklə beynəlxalq təşkilatları Ermənistanın çirkli maddələri ətraf-mühitə atmaması, təbii yaşayış mühitini, habelə əhalinin, xüsusən də gənc nəslin sağlamlığı və təhlükəsizliyini təhlükə altına almağı dayandırması üçün kəskin etirazlarını bildirməyə və nəhayət bununla da Ermənistan hökumətinin məsuliyyətli davranmasına çağırıblar.
Müraciətdə yalnız bu yolla ölkələrimiz arasında etimad quruculuğu, ekoloji təhlükəsizlik təmin edilə və bölgədə davamlı sülhün bərqərar olması üçün yol açıla biləcəyi qeyd olunub.