15 noyabr 2022-ci il tarixində Fransa Senatı Azərbaycana qarşı sanksiya tətbiq edilməsinə dair qanun layihəsini müzakirəyə çıxarıb və qəbul edib. Biz bu qərarı böyük məyusluq və təəccüblə qarşıladıq.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Dillər Universitetinin fransız dili müəllimləri və Azərbaycanda Fransız Dili Müəllimləri Assosiasiyasının üzvləri adından Fransa Senatına göndərilən etiraz məktubunda bildirilib.
“Dünyaya insan azadlığı, demokratiya və hüquq bərabərliyi ilə bağlı dərs keçməyə cəhd edən bir ölkə Senatının bütün hüquqi və mənəvi qaydaları pozub belə bir qətnamə qəbul etməsi böyük ədalətsizlikdir. Bu qanun layihəsi eyni zamanda fransızların “Azadlıq, bərabərlik, qardaşlıq” ideyasına, əxlaqa və normal siyasi məntiqə yad hərəkətdir. Bununla siz Fransanın dünya xalqları arasında uzun əsrlər boyu qazandığı hörmət və etimadın itirilməsi yolunda son dərəcə yanlış addım atmısınız.
Azərbaycan təkcə erməni işğalçılarına qarşı 2020-ci ildə Vətən müharibəsi günlərində apardığı haqq savaşında deyil, eyni zamanda Birinci Qarabağ müharibəsində (1991-1994-cü illər) də Fransa dövləti və hökumətinin qərəzli münasibəti ilə, ədalətsizliyi ilə üzləşib.
Öz azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda mücadilə aparan Azərbaycan kimi bir ölkəyə olan bu haqsızlıq həm də demokratiyaya qarşı, əslində, bir haqsızlıqdır və bu, nə beynəlxalq hüquqa, nə də elementar məntiqə sığır. Bununla siz, ola bilər ki, Fransada yaşayan ermənilərin səsini qazana bilərsiniz, amma Ermənistanı bir daha özünüz üçün qazanmadınız. Azərbaycanı isə itirirsiniz.
Bu hərəkət Fransanı, özünə yaxın bilən hər bir azərbaycanlı üçün ağır mənəvi zərbədir. Amma biz azərbaycanlılar dünyadakı və Fransadakı dostlarımızın sayəsində bu zərbəni dəf edib öz siyasi müstəqilliyimizi və ərazi bütövlüyümüzü hökmən qoruyacağıq.
Uzun illərdir fransız dili, ədəbiyyatı və mədəniyyətini tədris, eləcə də təbliğ edən yaşlı və gənc müəllimlər olaraq düşünürük ki, bu ədalətsiz qərar fransız dilinin Azərbaycanda gələcək nəsillər tərəfindən öyrənilməsinə ciddi zərbə vurur. Bu qərarla siz multikulturalizm dəyərləri ilə yaşayan bir ölkədən – Azərbaycandan üz döndərərək, totalitar, monoetnik bir dövlət olan işğalçı Ermənistana öz dəstəyinizi göstərmiş olursunuz. Sizə tövsiyə edirik ki, məşhur fransız yazıçısı Aleksandr Dümanın (ata) “Qafqaza səyahət” adlı kitabını yenidən oxuyaraq, Azərbaycanın tolerant dəyərləri ilə daha dərindən tanış olasınız.
Azərbaycanın işi haqq işidir. Bu haqq işimizdə nə Fransa, nə də digər ölkələr bizə münsif ola bilməz. Hansı qərarlar hansı ölkələrdə çıxırsa çıxsın, yenə də və əbədi olaraq Qarabağ Azərbaycandır!” – məktubda qeyd edilib.