Azərbaycan faşizm üzərində qələbəyə möhtəşəm töhfələr verib

Azərbaycan faşizm üzərində qələbəyə möhtəşəm töhfələr verib

İkinci Dünya müharibəsi bəşəriyyət tarixinə ən qanlı və ən dağıdıcı müharibə kimi daxil olub. 1941-ci ildə faşist Almaniyasının Sovet İttifaqına hücumu ilə keçmiş SSRİ-nin tərkibində olan Azərbaycan da bu müharibəyə cəlb edildi. Faşizm üzərində 1945-ci ildə əldə olunmuş qələbədə xalqımızın və respublikamızın danılmaz xidmətləri, böyük payı vardır. Ulu Öndər Heydər Əliyev bu barədə demişdir: “Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir.

AzerTimes xəbər verir ki, bu sözləri deputatı Kamaləddin Qafarov deyib.

O bildirib ki, müharibə başlayarkən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir:

“1941-1945-ci illərdə respublikanın 640 minə yaxın oğul və qızı cəbhəyə getmişdir. Müharibə illərində göstərdikləri igidliyə görə 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 271, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Faşizmə qarşı mübarizədə 43-ü azərbaycanlı olmaqla 121 nəfər Azərbaycan SSR vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 15-i azərbaycanlı olmaqla 30 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycanın qəhrəman övladları həmçinin Fransa, İtaliya və digər Avropa dövlətlərinin orden və medalları ilə təltif olunublar”.

Deputat faşizm üzərində qələbənin əldə olunmasında Bakı nefti amilinin xüsusi rolunuqeyd edərək deyib:

“1941-1945-ci illərdə, İkinci Dünya müharibəsinin ən şiddətli dövründə Bakı neftçiləri bütün çətinliklərə rəğmən fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər. Ümummilli Lider Heydər Əliyev öz çıxışlarının birində bu amilin vacibliyini vurğulayaraq demişdir: “Bu qələbənin qazanılmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan SSR-in nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu… Əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi.

Müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. Hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü məhz Bakı benzini ilə işləyirdi. Marşal Rokossovski bu barədə demişdir: “Qorxmaz şahinlərin hər bir döyüş zərbəsində, sovet tankçılarının hər bir reydində, alman faşist qüvvələri üzərindəki hər bir qələbədə heç də az olmayan uğur payı Bakı neftçilərinə məxsusdur”.

K.Qafarov faşizm üzərində əldə olunan qələbənin ölkəmizdə dövlət səviyyəsində qeyd olunduğunu xüsusi vurğulayıb və bunun mühüm göstərici olduğunu bildirib:

“Faşizm üzərində tarixi qələbənin ildönümü respublikamızda təntənəli şəkildə qeyd olunur. Ölkə Prezidenti İlham Əliyev hər il Qələbə Günündə müharibənin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla anır, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir. Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halını alıb. Möhtərəm dövlət başçımız cari ilin 26 aprel tarixində “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” müvafiq Sərəncamı imzalamışdır. Azərbaycan xalqı faşizm üzərində qələbəyə həqiqətən də möhtəşəm töhfələrini vermişdir və dünya bunu heç zaman unutmamalıdır”.

Teqlər: