Azərbaycan Ermənistanı COP29-a dəvət etdi

Azərbaycan Ermənistanı COP29-a dəvət etdi

Azərbaycan Ermənistanı COP29 İqlim sammitinə dəvət edib.

AzerTimes “The National” nəşrinə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, İrəvana dəvət göndərilib.

Dəvət hələ də rəsmi diplomatik əlaqələri olmayan Bakı ilə İrəvan arasında onilliklər boyu davam edən münaqişəyə son qoymaq məqsədi daşıyan sülh prosesi fonunda verilib.

“Muxtar Babayev (COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri) Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərib. Biz rəsmi dəvət göndərmişik. Bunu ilk dəfədir, xarici mediaya deyirəm”, – deyə X. Hacıyev bildirib.

O qeyd edib ki, bu məktubun hər iki ölkə arasında rəsmi diplomatik münasibətlər olmadığı bir vaxtda göndərilməsi Azərbaycanın “xoşməramlı iradəsinin” və “inklüziv yanaşmasının” göstəricisidir.

X.Hacıyev bildirib ki, COP29 qlobal səydir və həlledici danışıqlar “Ermənistan və Azərbaycanın hüdudlarından kənara çıxır”.

“İndi Ermənistan hökumətinin qərar vermə vaxtıdır”, – deyə Hacıyev bildirib.

Qeyd edək ki, COP29 İqlim sammiti noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək.

Teqlər: