Azərbaycan Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət təklif göndərib – Ceyhun Bayramov

Azərbaycan Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5
maddədən ibarət təklif göndərib və hazırda cavab gözləyir.

Trend-in
məlumatına görə, bunu “Anadolu” agentliyinə açıqlamasında
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

“Mesaj bundan ibarətdir: Münasibətlərimizin əleyhinə olan işğal
faktoru artıq ortadan qalxıb. Bu vəziyyətdə Azərbaycan tərəfi
keçmişin bütün çətinlik və problemlərinə baxmayaraq, Ermənistanla
münasibətlərin normallaşmasının tərəfdardır”, – deyə C.Bayramov
bildirib.

Onun sözlərinə görə, bir ilə yaxındır Ermənistan Azərbaycanın
təklifinə hər hansı cavab verməyib.

“Azərbaycan tərəfi xoş niyyətini göstərmək üçün bu yaxınlarda
Ermənistana yeni təklif göndərib. Biz Ermənistan tərəfinə özündə
Azərbaycan və Ermənistan arasında münasibətlərin
normallaşdırılmasını ehtiva edən bəzi təməl prinsiplər təklif
etdik. Biz münasibətləri müəyyən prinsiplər əsasında inkişaf
etdirməyə hazır olduğumuzu bildirdik. Ermənistan bunlara baxıb öz
fikrini bildirməlidir. Əgər Ermənistan səmimi şəkildə
münasibətlərin normallaşmasını istəyirsə, bu, onlar üçün çox yaxşı
fürsətdir. Yaxın zamanda Ermənistanın cavabı bəlli olacaq və biz
təbii ki, bundan sonra müvafiq addımları atacağıq”, – deyə XİN
rəhbəri bildirib.

C.Bayramov qeyd edib ki, bir səhifədən ibarət olan təklif yaxın
zamanda qarşı tərəfə verilib: “Təməl prinsiplər müəyyən edilərək
təklif edilib. Əgər Ermənistan tərəfi münasibətlərin
normallaşmasını istəyirsə, bu təklifə öz yanaşmasını dərhal
bildirməlidir. Ancaq bunu da qeyd edim ki, həmin sənəddə qeyd
olunan prinsiplərin hamısı beynəlxalq münasibətlərə dair
prinsiplərdir”.

Nazir əlavə edib ki, Azərbaycan tərəfindən dəfələrlə vurğulanan
iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi məsələsi də bu
təkliflər arasındadır.

“Azərbaycan tərəfi bu məsələlərin həllini təklif edib, lakin
Ermənistan həmişə ilkin şərtlər irəli sürüb. Prosesin başladılması
üçün ilkin şərtlər qəbuledilməzdir. İkitərəfli əməkdaşlıq qrupu
yaradılmalı və bu qrup çalışmalara başlamalıdır. Beş əsas maddə
var. Təkliflərimiz beş maddədən ibarətdir”, – deyə C.Bayramov qeyd
edib.

Teqlər: