Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası regionda təhlükəsizliyi möhkəmləndirməyə kömək edəcək – KTMT baş katibi

Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyası regionda təhlükəsizliyi əhəmiyyətli dərəcədə möhkəmləndirməyə kömək edəcək.

Trend-in məlumatına görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas “Valday” beynəlxalq müzakirə klubu çərçivəsində keçirilən konfrans zamanı deyib.

S.Zas vurğulayıb ki, tənzimləmə ilə bağlı müəyyən ehtiyatlı nikbinlik mövcuddur.

O qeyd edib ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatı imzalamasından və Qarabağa rusiyalı sülhməramlıların yeridilməsindən sonra vəziyyət sabitləşib, qan tökülməsi dayandırılıb.

Baş katibin sözlərinə görə, hazırda tərəflər qarşısında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə ciddi tapşırıq dayanır.

“Bu, ciddi və mürəkkəb işdir, bu proses regionun təhlükəsizliyinin əhəmiyyətli dərəcədə möhkəmlənməsinə kömək edəcək”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: