Azərbaycan erməni cinayətkarlara da normal münasibət göstərir, amma onlar bizə rəhm etməmişdi – Erməni əsirliyində olan Həbib Kazımov

Xəbər - Samir Əli – Trend:

1993-cü ildə torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə kəllə-beyin travması almışam və əsir götürülmüşəm.

Bunu AzerTimes-a açıqlamasında erməni əsirliyində işgəncələrə məruz qalan zərərçəkmiş Həbib Kazımov deyib.

O bildirib ki, ermənilər onu Şuşa həbsxanasına aparıb, orada ağır işgəncələrə məruz qalıb: “Həbsxananın həyətinə daxil olan kimi məni vəhşicəsinə döydülər və mənə işgəncələr verdilər. Armatur və digər dəmir parçaları ilə döyülmüşəm. Orda azərbaycanlı əsirlər var idi ki, işgəncələrə tab gətirməyib intihar etdi.

Bu gün Azərbaycanda məhkəməsi keçirilən hər iki terrorçu həmin işgəncələrdə yaxından iştirak edib. Bunların hər ikisinin orada təxəllüsü olub. Biri Lyoxa, biri Ayoşa ləqəbi daşıyırdı. Mkrıtıçyan Lüdvik “Lyoxa” idi. O burada deyir ki, azərbaycan dilini bilmir. Lakin orada bizlə o, danışırdı. Bizi azərbaycan dilində belə təhqir edirdi. O vaxt onlar özlərini elə aparırdılar ki, məhşur terrorçudular. Kürəyimdə dəmir parçaları sındırırdılar. İndi guya bizi tanımırlar. İnsana yaraşmayan, insanlığa layiq olmayan hərəkətlər edirdilər. Əsirlikdə qaldığım müddətdə yalnız ağır işgəncələr görmüşəm. Məni digərlərindən daha çox incidirdilər. Səbəb isə Sumqayıtdan olmağım idi. Onlar Sumqayıt hadisələrinə görə məni daha çox döyür, işgəncə verirdilər. Məni Allah saxladı ki, ölmədim, öldürmədilər”.

Zərərçəkmiş Həbib Kazımov deyib ki, əsirlikdə olarkən bir dəfə Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı ona baş çəkib: “Məni dəhşətli dərəcədə döymüşdülər, dedilər ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi bizə baş çəkmək istəyir. Ona görə də məni apardılar uşaq xəstəxanasına. Həmin nümayəndə bizə baş çəkəndə tərcüməçisi erməni idi. Bizə demişdilər ki, onsuz da əsirlərə işgəncə verən adamın adını çəksək o tərcümə etməyəcək. Yəni ona görə də ona şikayət ertməyin adı yox idi. Komitə üzvü gedəndən sonra yenidən bizə işgəncə verirdilər”.

Bu gün haqq ədalət öz yerini tapmasından sevinən H. Kazımov deyib ki, ermənilərin qanun qarşısında cavab verməsinə inanırdı: “İnanırdım ki, haqq ədalət öz yerini tapacaq. Həmin terrorçuları görəndə təsəlli tapdım ki, bizə işgəncə verənlər bu gün layiqli cavabını alırlar. Amma mənə qalsa, istəyərəm ki, onlara ən ağır cəzalar versinlər. Çünki onlar azərbaycanlı əsirlərə qarşı qatı cinayətlər törədiblər.
Azərbaycan dövləti erməni cinayətkarlara da normal münasibət göstərir, onlara qarşı heç bir təzyiq etmir. Amma ermənilərin heç biri bizə rəhm etməyib”.

Teqlər: