Yanvarın 18-21-də Türkiyənin Antalya şəhərində keçirilmiş 28-ci Beynəlxalq Qida və İçki Sərgisi çərçivəsində Azərbaycan sahibkarları yeni əməkdaşlıqlara dair ilkin razılıqlar əldə ediblər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AzerTimes-a verilən məlumata görə, sərgidə təmsil olunan mürəbbə, təbii sıxım yağlarının və əzmələrin istehsalçıları distribüterliyə dair Türkiyə şirkətləri ilə, zəfəran istehsalçıları yerli zəfəran və ondan hazırlanmış məhsulların ərəb ölkələrinə ixracına, quru meyvə istehsalçısı isə qurudulmuş xurmanın Türkiyənin ticarət şəbəkələrində satışına dair ilkin razılıq əldə ediblər.
Qeyd edək ki, sərgidə KOBİA-nın təşkil etdiyi xüsusi stenddə 15 mikro və kiçik sahibkarlıq subyekti məhsullarını təqdim edib. “Made in Azerbaijan” stendində quru meyvələr, təbii sıxım yağları, konservləşdirilmiş məhsullar, meyvə şirələri, çay, giləmeyvələr, zəfəran və ondan hazırlanmış məhsullar, çərəzlər, şirniyyat, şokolad və digər qida məhsulları nümayiş olunub.