Azərbaycan Ərdoğana vəfa borcunu yerinə yetirir

Azərbaycan Ərdoğana vəfa borcunu yerinə yetirir

Türkiyədə az qala “əsrin seçkisi” olaraq dəyərləndirilən və dünyanın bütün güc mərkəzlərinin diqqətində olan 14 may prezident və parlament seçkilərinə cəmi 12 gün qalır.

AzerTimes xəbər verir ki, nəinki Türkiyənin, eləcə də regionun və dünyanın siyasi mənzərəsinə təsir edəcəyi bildirilən bu seçki Azərbaycanda da ciddi şəkildə və son dərəcə həssaslıqla izlənilir.

Azərbaycanın sıravi vətəndaşlarından tutmuş ziyalılarına qədər, böyük çoxluq hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın seçkidə qalib gəlməsini arzulayır. Bu, təkcə STM-in və ayrı-ayrı qurumların Azərbaycanda keçirdiyi sosioloji sorğuların nəticəsi deyil, həm də adi vətəndaşların sosial şəbəkədəki çıxışlarında da əksini tapır. Təsadüfi deyil ki, azərbaycanlı taksi sürücüsünün Ərdoğana aid sözləri Türkiyədə gündəm yaradıb.

Azərbaycan 44 günlük savaşda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın göstərdiyi siyasi iradəni, sarsılmaz dəstəyi, F-16 qırıcılarını Gəncədə saxlamasını, döyüşə 3-cü qüvvələrin qarışmasına imkan verməməsini, qələbədən dərhal sonra isə Zəfər Paradına şəxsən gələrək, Bakıda möhtəşəm çıxış etməsini, ardınca Şuşa Bəyannaməsi imzalamasını unutmur.

Ərdoğanın şəxsi simasında ümumiləşən bu qardaş dəstəyinə azərbaycanlılar laqeyd qalmırlar: artıq aprel ayından azərbaycanlı ziyalıların, millət vəkillərinin, media təmsilçilərinin Türkiyəyə ardıcıl və kollektiv səfərləri başlayıb. Bu səfərlərin zirvəsi isə əlbəttə ki, Prezident İlham Əliyevin İstanbulda “Texnofest-2023” festivalına qatılması idi.

Bu festivalda təkcə Qəhrəmanmaraşda “Azərbaycan məhəlləsi”nin təməlinin atılması ilə deyil, Prezident İlham Əliyevin simasında subliminal mesajla Azərbaycan Ərdoğana birmənalı dəstəyini ifadə etdi.

Bu dəstəyin ən pik ifadəsi isə İlham Əliyevin Ərdoğanı Azərbaycana səfərə dəvət etməsi oldu. Prezident Əliyev bu il 3 dəfə – fevral, mart, aprel ayında Türkiyəyə səfər etdiyini xatırladaraq, növbənin Ərdoğanda olduğunu elan etdi.

Əlbəttə ki, Ərdoğan seçkiyə qədər xarici səfərə çıxa bilməz. Belə aydın olur ki, İlham Əliyev seçkidən sonra Prezident Ərdoğanı Bakıya səfərə çağırdı.

Olduqca cəsarətli və açıq qardaş dəstəyinin mahiyyətində həm də bir ənənəni qorumaq istəyi var: illərdir ki, Azərbaycan və Türkiyədə seçkilərdən sonra qalib gələn lider ilk səfərini qardaş ölkəyə edir.

Beləliklə, İlham Əliyev Ərdoğana həm də bu ənənəni qoruması üçün xatırlatma etdi!

İlham Əliyev Türkiyənin saysız-hesabsız mediasının və çoxminli ictimaiyyətinin önündəcə Ərdoğana Azərbaycan xalqının atəşli salamını da çatdırdı.

Bu, Azərbaycan xalqının Ərdoğana vəfa borcudur – Prezident Əliyev bunu ən yüksək şəkidə ifadə etdi…

Teqlər: