Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycan ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında Litva ilə əməkdaşlığa hazırdır. Hesab edirəm ki, bizim qarşılıqlı əməkdaşlığımız həm regional, həm də qlobal sülhə mühüm töhfəsini verə bilər.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litva xarici işlər naziri Gabrielius Landsbergis ilə birgə mətbuat konfransında deyib.
C.Bayramov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni reallıq, yeni vəziyyət barədə litvalı nazirlə fikir mübadiləsi aparılıb: “Görüş zamanı qeyd olundu ki, üçtərəfli bəyanatın imzanalanması nəticəsində bir sıra istiqamətlərdə qısa müddət ərazində müsbət nəticələr əldə olunsa da, Azərbaycan tərəfini narahat edən bəzi ciddi məsələlər var və bu məsələləri litvalı həmkarımın diqqətinə çatdırdım. Bizi narahat edən məsələlərdən biri Ermənistan tərəfinin haqsız olaraq Azərbaycanda “hərbi əsirlər” barəsində iddialar qaldırmasıdır və bu barədə məsələni litvalı həmkarımın diqqətinə catdırdım.
Bir daha nəzərinizə çatdırım ki, 10 noyabr razılaşmasından sonra qanunsuz olaraq erməni tərəfindən göndərilən adamlar Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib və 62 nəfər saxlanılıb.
Həmin adamlarla bağlı cinayət-istintaq tədbirləri davam etdirilir və onların əməllərinə müvafiq qaydada Azərbaycan qanunveriliciyinə uyğun olaraq qiymət veriləcək”.