Azərbaycan enerji ehtiyatlarının etibarlı tədarükçüsüdür – Səfir

Xəbər - Ləman Zeynalova – Trend:

Azərbaycan enerji ehtiyatlarının etibarlı tədarükçüsüdür.

Trend-in
məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri
Erl Litsenberger deyib.

“Biz dostluğumuzun 30 illiyini qeyd edirik. ABŞ lap əvvəldən
Azərbaycanın müstəqilliyini dəstəkləyib. 30 il ərzində biz
Azərbaycan hökuməti və xalqı ilə qanunun aliliyi, insan haqları,
iqtisadiyyat, enerji təhlükəsizliyi kimi məsələlər üzərində
işləmişik. Biz Cənub Qaz Dəhlizinin vacib rolunu dəfələrlə qeyd
etmişik. ABŞ tərəfindən bu layihənin dəstəklənməsi Avropanın enerji
təhlükəsizlinin gücləndirilməsi, qaz tədarükü mənbələrinin
şaxələndirilməsi üzrə məqsədlərimizin tərkib hissəsi idi. Biz
Azərbaycanın bu prosesdə oynadığı strateji rolu yüksək
qiymətləndiririk. Azərbaycan özünü etibarlı enerji tədarükçüsü kimi
tanıdıb”, – deyə o bildirib.

Səfir qeyd edib ki, ABŞ-ın Azərbaycanla enerji sahəsində
əməkdaşlığı “Əsrin müqaviləsi”nin imzalanması, Bakı-Tbilisi-Ceyhan
neft kəmərinin tikintisi ilə başlayıb.

“Biz Azərbaycana qaz ehtiyatlarının işlənməsində, Cənub Qaz
Dəhlizinin tikintisində kömək etmək üçün irəli addımlar atdıq. İndi
bunun vasitəsilə Azərbaycan qazı İtaliya, Gürcüstan, Yunanıstan,
Türkiyə və potensial olaraq Qərbi Balkana çatdırılır”, – səfir
deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: