Azərbaycan əldə etdiyi uğurlar sayəsində dünyanın siyasi xəritəsində öz statusunun yüksəlməsinə müvəffəq olub – Tamam Cəfərova

Regionun lideri və beynəlxalq təşəbbüslərin müəllifi olan Azərbaycan əldə etdiyi uğurlar və qazandığı tərəfdaşlar sayəsində dünyanın siyasi xəritəsində öz statusunun yüksəlməsinə müvəffəq olub. 28 May – Respublika Günü ilə əlaqədar ümumilikdə 60-dan artıq ölkə rəhbəri tərəfindən yazılmış təbrik məktubları Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və genişlənən əməkdaşlığının bariz nümunəsidir.

Bu sözləri AzerTimes-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Azərbaycan regionda yeni reallıq yaradaraq, dünyanın siyasi xəritəsində öz statusunu və rolunu artırmışdır. İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycanın əməkdaşlıq etdiyi prioritet ölkələr sırasına daxil olmaq üçün yalnız ABŞ və Rusiyanın deyil, həm də Çin və ABŞ-ın rəqabət aparması dövlətimizin artan nüfuzundan və regiondakı rolundan xəbər verir.

ABŞ-Azərbaycan münasibətlərinin perspektivi haqqında fikirlərini bölüşən Tamam Cəfərova bildirib ki, ABŞ Prezidentinin təbrik məktubu ölkələr arasında etibarlı münasibətlərin inkişafının göstəricisidir. Bundan əvvəl ABŞ Prezidenti Azərbaycan Prezidentini Novruz bayramı münasibətilə təbrik etmiş və xoş arzularını çatdırmışdı. Təbrik məktubunda ikitərəfli münasibətlərin çoxşaxəliliyinə xüsusi önəm verilir. Müstəqilliyimizin bərpasından keçən 30 ilə yaxın müddətdə ABŞ və Azərbaycan xalqlarımız arasında əlaqələri gücləndirərək təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışıb. Tamam Cəfərova qeyd edib ki, Ağ Ev Administrasiyası Azərbaycanın enerji layihələrini dəstəkləyir və bu layihələrin inkişafında maraqlıdır. ABŞ ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir. Dünyanı təhdid edən terrorla mübarizədə Azərbaycanın oynadığı rol ABŞ-ın siyasi rəhbərliyi tərəfindən etiraf olunur. ABŞ Prezidenti Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarlığını bildirib və mövcud istiqamətdəki əməkdaşlığın önəmini vurğulayıb.

Ölkələr arasındakı münasibətlərin inkişafı yeni perspektivlər üçün yol açır. İstər Novruz təbrikində, istərsə də ABŞ-ın dövlət katibi Entoni Blinkenin aprelin sonlarında etdiyi telefon zəngi zamanı aparılmış söhbətlərdə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi ABŞ-ın bu istiqamətdəki siyasətinin prioriteti kimi vurğulanmışdır.
Regionda sülhün bərqərar olunmasına ABŞ töhfələr verə bilər, deyən milləət vəkili vurğulayıb ki, müharibədən yeni çıxmış ölkəmizin bundan sonra qonşu dövlətlərlə sülh içində yaşamasına ümid ifadə edən ABŞ rəhbərliyi ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq qaldığını vurğulayır. Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşdırılmasında kömək etmək və icmalara yanaşı yaşamaq lazım olduğunu izah etmək istiqamətində ABŞ-ın verə biləcəyi töhfələr danılmazdır.

Əlbəttə bütün bu uğurlu siyasi münasibətlər Prezident İlham Əliyevin qarşılıqlı hörmət və ehtirama əsaslanan siyasəti, milli maraqlara sədaqətliliyi və prinsipiallığının nəticəsidir.

Teqlər: