Xəbər - Elçin Mehdiyev – Trend:
2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12,0 milyard manatlıq, o cümlədən 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
AzerTimes-ın məlumatına görə, 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz artıb, qeyri-ərzaq malları üzrə isə 2,3 faiz azalıb.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,0 faizi ərzaq məhsullarının, 5,9 faizi içkilər və tütün məmulatlarının, 13,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi avtomobil benzini və dizel yanacağının, 4,8 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2021-ci ilin yanvar-aprel aylarında istehlak mallarının dəyər ifadəsində 27,5 faizi ticarət müəssisələri, 49,0 faizi fərdi sahibkarlar tərəfindən, 23,5 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 15,1 faiz, fərdi sahibkarlar üzrə 1,7 faiz artıb, bazar və yarmarkalarda isə 15,4 faiz azalıb.
Hesabat dövründə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 300,4 manatlıq, o cümlədən 165,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 135,4 manatlıq qeyri-ərzaq malları alıb.