Azərbaycan dünyanın ən yaxşı məşq mərkəzlərindən biridir – Avstraliyalı gimnast

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti təlim-məşq məqsədilə ölkəmizə səfər etmiş Avstraliyanın bədii gimnastika üzrə yığma komandasının üzvü Aleksandra Kiroy-Boqatıryova ilə müsahibəni təqdim edir.

– Azərbaycana xoş gəlmisiniz. Zəhmət olmasa özünüzü təqdim edin.

– Salam, ilk növbədə Azərbaycanda məni qəbul etdiyiniz üçün təşəkkür edirəm. Adım Aleksandra Kiroy-Boqatıryovadır. Mənim 19 yaşım var. Mən Yeni Zelandiyada anadan olmuşam. Avstraliyada yaşayıram, amma ailə üzvlərim rus əsillidirlər. Mən Avstraliyanın Monaş Universitetinin hüquq fakültəsində oxuyuram. 13 ildir ki, bədii gimnastika idman növü ilə məşğul oluram.

– Bədii gimnastika idman növündə qazandığınız nailiyyətlər barədə məlumat verərdiniz.

– İdmanda ən böyük və yaddaqalan uğurum Birlik Ölkələri Oyunlarında iki bürünc medal və həmçinin 21 qat Avstraliya çempionu adını qazanmağımdır.

– Bilirik ki, bu, sizin Azərbaycana ilk səfəriniz deyil. Burada nə qədər qalmağı planlaşdırırsınız?

– Mən Bakıya müxtəlif vaxtlarda keçirilən Dünya kubokları və dünya çempionatları zamanı səfər etmişəm. Təxminən may və ya avqust aylarına qədər burada qalmağı planlaşdırıram. Təəssüf ki, Avstraliyada COVID-19 pandemiyası ilə bağlı çox böyük problemlər mövcuddur və hazırda ölkəyə qayıtmaq çox çətindir. Buna görə də burada mənim üçün yaradılan yüksək səviyyəli şəraitdən yararlanaraq yığma üzvləri ilə məşqlərimi davam etdirəcəyəm.

– Burada keçirilən məşqlərdə əsasən nə üzərində işləyirsiniz?

– Hər gün müxtəlif məşqlər edirik. Burada inanılmaz məşq sistemi mövcuddur. Proqrama dartınma hərəkətləri, güc, fitness, kardio məşqləri daxildir. Bundan əlavə, hovuz və saunadan da istifadə edirik. Demək olar ki, məşqlər hər gün yeni proqramı və fərqliliyi ilə seçilir. Mən deyərdim ki, bu cür peşəkar məşqlərin nəticəsidir ki, Azərbaycanın güclü milli komandası var.

– Milli Gimnastika Arenasında yaradılan şəraiti necə dəyərləndirirsiniz?

Azərbaycan dünyada ən yaxşı məşq şəraitinə malik olan ölkələrdən biridir. Burada hər bir şəraiti olan zallarla yanaşı, hovuz, sauna, yataqxana, yeməkxana mövcuddur. İdmançıların düzgün qidalanmasına diqqət yetirilir, onlarla peşəkar məşqçilər və xoreoqraflar işləyir. Burada hamı qonaqpərvər və mehribandır. Bir sözlə, Azərbaycan dünyanın ən yaxşı məşq mərkəzlərindən biridir.

– Bakı haqqında təəssüratlarınız necədir?

– Bakının bütün görməli yerlərini gəzmişəm. Paytaxtınızdakı “Alov qüllələri” binaları, Heydər Əliyev Mərkəzi ilə tanış olmuşam. Yığma komandanın üzvləri ilə birlikdə filmə baxmağa getmişik və onlar mənə demək olar ki, şəhərin bütün görməli yerlərini göstəriblər.

– Qarşıda sizi hansı yarışlar gözləyir?

– Qarşıda məni Ukraynada keçiriləcək Qran Pri “Deryuqina Kuboku” gözləyir. Həmçinin Bakıda və Daşkənddə keçiriləcək Dünya kuboklarında iştirak edəcəyəm.

Teqlər: