CBC telekanalının İrəvan səmasında dronla çəkiliş aparması Ermənistanda “Azərbaycan dronları başımızın üzərində gəzir” müzakirələrinə səbəb olub.
AzerTimes Publika.az-a istinadən xəbər verir ki, Ermənistan mediası Azərbaycan telekanalına məxsus dronun İrəvan səmasında necə çəkiliş apardığını anlamağa çalışır.
“Nyus.am” yazır ki, dron çəkilişinin aparılması iki halda mümkün ola bilər: ya Azərbaycan dronları həqiqətən də İrəvan səmasında uçuşlar həyata keçirib, ya da burada “vasitəçilər” var.
Azərbaycan dronlarının İrəvan səmasında çəkiliş aparması Ermənistanın təhlükəsizliyindəki boşluq kimi qiymətləndirilir. Lakin erməni mediası bunu qəbul etmək istəmir, ona görə əsasən “vasitəçilər” versiyası üzərində dayanır.
“Yəqin ki, bu işdə onlara “vasitəçilər” kömək edib. Lakin Azərbaycan telekanalının İrəvanda və Ermənistanın digər yerlərində çəkilişləri necə təşkil etdiyi hələ də müəmmalı olaraq qalır”, – sayt yazır. Hətta iddia edirlər ki, Azərbaycana İrəvan səmasından çəkiliş aparmağa ABŞ şirkətləri kömək edib.
Ermənistan mediasında dron çəkilişini hətta Azərbaycanın “xüsusi əməliyyatı” kimi təqdim edən fikirlər də var.
Qeyd edək ki, CBC-nin çəkiliş qrupunun Ermənistana səfər etdiyi və görüntüləri oradan çəkdiyi bildirilir. Məlumata görə, CBC ekspedisiyası İrəvanda azərbaycanlıların memarlıq irsinin qəsdən dağıdılması faktlarını aşkara çıxarmaq məqsədilə dronlardan istifadə edərək havadan çəkiliş aparıb. Çəkilişlər hərtərəfli hazırlıq sayəsində mümkün olub. Bu məqsədlə çəkiliş əraziləri müəyyən edilərək öyrənilib, dronun uçuş marşrutu elə planlaşdırılıb ki, artıq diqqət cəlb etməsin. Nəticədə unikal videoçəkiliş aparmaq və Ermənistan hakimiyyətinin İrəvanın tarixi ilə bağlı həqiqətləri gizlətməsinə dair əsaslı sübutlar aşkarlanıb.