Azərbaycan dövlətinin apardığı siyasətin mərkəzində insan amili dayanır – Tamam Cəfərova

Vətən müharibəsi adı ilə tariximizin ən şanlı səhifələrindən birinə çevrilmiş İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi ilə nəticələndi. Əlbəttə ki, bu qələbə şəhidlərimizin canları, qazilərimizin sağlamalığı, cəsur zabit və əsgərlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində əldə olunub. Şübhəsiz ki, dövlətimiz vətən uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə və eləcə də, qazilərimizə, həmçinin torpaqlarımızın düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərmiş bütün döyüşçülərimizə diqqət və qayğı ilə yanaşır. Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən birinı təşkil edir.

Bu barədə AzerTimes-a Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Müharibədən sonra dövlətimizin qarşısında duran ən mühüm sosial məsələlərdən birinin şəhid ailələrinin və qəhrəman döyüşçülərimizin qayğılarının diqqət mərkəzində saxlanılması olduğunu deyən millət vəkili bildirib ki, bu istiqamətdə dövlət başçısının sərəncamları əsasında müvafiq tədbirlər həyata keçirilib. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısınının ən bariz örnəyi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondunun yaradılması olub. Belə ki, “YAŞAT” Fondu bu istiqamətdə dövlətin institusional təşəbbüsü olaraq öz fəaliyyətində humanitar missiyanı ehtiva edir. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə, həmçinin sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün yaradılıb.

T. Cəfərova xüsusilə qeyd edib ki, “YAŞAT” Fondunun fəaliyyəti cəmiyyət və dövlət birliyinin təcəssümüdür. Böyük humanitar missiyanı özündə ehtiva edən “YAŞAT” Fonduna könüllü ödəmələr dayanmadan davam edir. Sözügedən hal cəmiyyətimizdə yaşanan milli birliyin və həmrəyliyin göstəricisidir. Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

Eyni zamanda qeyd etməliyik ki, tale yüklü məsələlərin həlli istiqamətində institusional təşəbbüslər dövlətimizin bu istiqamətdə strateji yanaşmasından xəbər verir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə işğaldan azad olmuş ərazilərimizin dirçəldilməsi məqsədilə yaradılmış Qarabağ Dirçəliş Fondu dövlətimizin bir digər mühüm strateji addımlarından biridir. Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini Ermənistan işğalından azad edərək, tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoydu. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq. Qarabağ Dirçəliş Fondunun yaradılması dövlətin Qarabağ siyasətinin təzahürüdür.


Millət vəkili xüsusilə vurğulayıb ki, institusional təşəbbüslər sayəsində dövlət siyasətinin sosialyönümlülüyü qorunur. Dövlət hər zaman vətəndaşın yanındadır. Dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası banklar tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin ediblər. Bununla yanaşı Vətən müharibəsi iştirakçılarının qayğılarının diqqət mərkəzində saxlanması məqsədilə Nazirlər Kabinetinin 2021-ci il 30 yanvar tarixli 24 saylı Qərarına əsasən Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə də xüsusi komissiya yaradılaraq fəaliyyətə başlayıb. Bütün bunlar onu deməyə əsas verir ki, şəhid ailələrinin və qazilərin hər zaman olduğu kimi bundan sonra da diqqət mərkəzində saxlanılacaq, dövlətimizin sosial siyasətinin prioritet istiqaməti olaraq qalmaqda davam edəcəkdir.

Dövlət tərəfindən atılmış ən mühüm addımlardan biri şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısı üzrə təşəbbüslərin yerli icra hakimiyyəti orqanlarını da əhatə etməsidir. Sosial siyasətin institutlaşdırılması dövlətin mövcud istiqamətdəki prinsipiallığını nümayiş etdirir. Bu nöqteyi-nəzərdən Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 yanvar tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanlarının strukturunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin nəzərdə tutulması ölkəmizdə sosial siyasətin şaxələnməsi və institutlaşdırılması istiqamətində atılan önəmli addımdır. Bu, dövlətin müvafiq xidmətlərindən faydalanmaq imkanlarını artırır. Belə ki, dövlət xidmətlərinin əlçatanlığı Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin qısa müddət ərzində həllinə xidmət edir.

Bütün bu qeyd etdiyimiz faklar onu deməyə əsas verir ki, Azərbaycan dövlətinin apardığı siyasətin mərkəzində insan amili dayanır.

Teqlər: