Azərbaycan dövləti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyənin yanındadır – Vüqar Rəhimzadə

Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır. Tarixin sınaqlarından şərəflə çıxan Türkiyə-Azərbaycan qardaşlığı dünyaya nümunədir. Dövlət başçısı İlham Əliyevin də qeyd etdiyi kimi, biz bütün məsələlərdə bir yerdəyik. Bu gün dünya çapında ikinci belə ölkələr tapılmaz ki, bir-birinə bu qədər yaxın olsun. Həm etnik köklər, mədəniyyət, tarix və həm də ortaq maraqlar baxımından da Azərbaycan və Türkiyə daim bir yerdədir.

44 günlük İkinci Qarabağ müharibəsində bu birliyin ən yüksək zirvədə olduğunu bir daha gördük. Eyni zamanda, iki dost, qardaş ölkə arasında müttəfiqlik sənədinin 15 İyun -Milli Qurtuluş Günündə Qarabağımızın tacı, musiqi beşiyimiz Şuşada imzalanması dünyaya bu birliyin, həmrəyliyin gələcəyi ilə bağlı bir çox məqamları çatdırdı. Vətən müharibəsində dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadan “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür” bəyan etdi.”

Trend xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” tezisi Azərbaycanın da dost, qardaş ölkəyə münasibətində özünün aydın ifadəsini tapıb: “Bu baxımdan da Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları dövlətimizi, xalqımızı dərindən kədərləndirir, hər bir Azərbaycan vətəndaşı hadisənin gedişini izləyir, narahatlıqlarını ifadə edir. Bu, onu göstərir ki, yalnız dövlətlərimiz, ölkə başçıları deyil, sadə vətəndaşlarımız da bir-birilərinin yanındadır, bir-birinə dəstəkdirlər. Yanğında həyatını itirən insanlar var. Yanğın qardaş ölkəyə genişmiqyaslı maddi və mənəvi zərər vurub. Hadisənin törətdiyi fəsadların miqyası genişdir. Dövlət başçısı İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana bununla bağlı məktub ünvanlanması, həmçinin ölkə Prezidentinin tapşırığına müvafiq olaraq, Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatların Türkiyəyə göndərilməsi qardaşlığımızın daha bir təcəssümüdür. Qardaş ölkəyə dəstək məqsədilə göndərilən Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin dəstələri hazırda Türkiyənin Dalaman, Marmaris və yanğın baş verən digər bölgələrindədirlər. Prezident İlham Əliyev iyulun 30-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda bu əminliyi də ifadə edir ki, Sizin rəhbərliyiniz altında hökumətinizin atdığı qətiyyətli addımlar sayəsində əzmli və mübariz Türkiyə xalqı bu fəlakətin öhdəsindən tezliklə gələcək. Dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verən, yaralananlara şəfa diləyən dövlət başçısı Azərbaycan hökumətinin və xalqının hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə xalqı ilə həmrəy və onun yanında olduğunu xüsusi qeyd etmişdir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva rəsmi İnstaqram səhifəsində qardaş Türkiyədə baş verən yanğınlar nəticəsində həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verərək bir daha bildirib ki, Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”

Baş redaktor vurğulayıb ki, Azərbaycanın Baş naziri Əli Əsədov qardaş ölkənin Vitse-prezidenti Fuat Oktayla əlaqə saxlayaraq Azərbaycanın hər cür yardım etməyə hazır olduğunu bildirib. Ümumilikdə Azərbaycan dövləti Türkiyənin müvafiq qurumları ilə məsələ ətrafında sıx təmasdadır. Bütün bu addımlar iki qardaş ölkənin yalnız sözdə deyil, əməldə birliyinin, bir sözlə, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” tezisinin təsdiqidir.

Diqqəti 2020-ci ilin yanvarında Elazığın Sivrice bölgəsində və 2011-ci ilin oktyabrında Türkiyənin Van şəhərində baş verən zəlzələlərə yönəldən V.Rəhimzadə Azərbaycanın o zamanlarda da dərhal Türkiyənin yanında olduğunu vurgulayıb. Baş redaktor onu da əlavə edib ki, qardaş Türkiyə ilə yanaşı, digər dövlətlərə də çətin anlarda dəstəyini əsirgəməyən Azərbaycan bununla həm də özünün qeyd etdiyi kimi, yaxşı dostun dar gündə tanındığını nümayiş etdirir.

Baş redaktor bu məqamı da xüsusi qeyd edib ki, Azərbaycanın qardaş ölkəyə istər 2020 və 2011-ci illərdə baş verən zəlzələlər zamanı, istərsə də bugünkü gündə yanğının qarşısının alınması və fəsadlarının aradan qaldırılması üçün xilasediciləri göndərməsi, həmçinin ölkəmizin fövqəladə halların aradan qaldırılmasında böyük texnikaya və təcrübəli mütəxəssislərə malik olmasını göstərir: “Bu gün dünya Azərbaycan-Türkiyə-Pakistan birliyinin, həmrəyliyinin şahididir. Qardaş ölkəyə Azərbaycanla yanaşı, Pakistan da öz dəstəyini göstərir. Dost, qardaş ölkələrin dəstəyi bu reallığın təsdiqidir ki, meşə yangınları yalnız Türkiyənin deyil, ona yaxın olan, bir-birlərinin sevincini sevincləri, kədərlərini kədərləri kimi qəbul edən ölkələrin hər birinin qəlbini yandırır. Amma bu ağrı ilə yanaşı, güclü, qüdrətli Türkiyənin bu sınaqdan da çıxacağına inam ifadə edilir. Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı özünün tviter səhifəsindəki paylaşımında bildirib ki, cənub ərazilərimizdə baş verən, qəlbimizi yandıran meşə yanğınlarında yanımızda olan, bizə dəstək verən, başda qardaş və dost Azərbaycan olmaqla, bütün ölkələrə və qurumlara təşəkkür edirik.”

“Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır” söyləyən Vüqar Rəhimzadə bildirib ki, Türkiyə rəsmilərinin, tarixçilərinin də təsdiqlədikləri kimi, Şuşa Bəyannaməsi ilə “Bir millət, iki dövlət” rəsmi olaraq yola çıxdı.

Teqlər: