Xəbər - Samir Əli – Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin həbsdə olan sabiq bədii rəhbəri Lütfi Qədirovun məhkəməsi başa çatıb.
AzerTimes-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə L.Qədirov 11 il azadlıqdan məhrum edilib.
Məhkəmənin qərarı ilə, iş üzrə təqsirləndirilən Orkestrin təsərrüfat işləri üzrə müdiri olmuş Nəzakət Zairova isə şərti cəza alıb.
Lütfi Qədirov qarşı qaldırılan 355 minlik mülki iddia da təmin edilib.
Qeyd edək ki, Lütfi Qədirov Baş Prokurorluğun əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, Lütfi Qədirov 2010-2020-ci illərdə Azərbaycan Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar tabeçiliyində olan əməkdaşlara ümumi himayədarlıq və laqeydlik müqabilində onlardan külli miqdarda rüşvət almasına dair kifayət qədər dəlillər aşkar edildiyindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İstintaqla Lütfi Qədirovun Orkestrin vəzifəli şəxsləri ilə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə əsasən korrupsiya sxemlərindən istifadə etməklə, Orkestrdə müxtəlif vəzifələrdə fəaliyyət göstərən ayrı-ayrı şəxslərə 2017-ci ilin yanvar ayından 2020-ci ilin iyul ayınadək olan müddət ərzində işə gəlməyərək əmək funksiyalarını yerinə yetirməmələrinə baxmayaraq, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməyib xidmət illəri üzrə əmək stajının hesablanması müqabilində əməkdaşların hər biri üçün ayrılmış plastik kart hesablarına köçürülmüş əmək haqqının 85-90 faiz həcmini təşkil edən ümumilikdə 54 min manatdan artıq məbləğdə pul vəsaitini özü və qabaqcadan əlbir olduğu şəxslər üçün rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 311.3-cü (qabaqcadan əlbir olaraq külli miqdarda təkrar rüşvət alma) maddəsi ilə ittiham elan olunub.
Lütfi Qədirovun cinayət işi üzrə məhkəmə araşdırması zamanı məlum olub ki, o ayrı-ayrı şəxslərin adına açılmış kartlara köçürülən vəsaiti şəxsi ehtiyaclarına xərcləyib. İşçilərinin bir neçəsi ilə razılaşıb ki, işə gəlməsinlər, amma əmək stajının yazılmasının qarşılığında əmək haqlarını özü alsın.