Azərbaycan dörd ölkəyə 150 min doza peyvənd ianə edib

Mayın 20-də Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatına üzv
və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin videokonfrans
formatında görüşü keçirilib.

Səhiyyə Nazirliyindən AzerTimes-a veirlən məlumata görə,
iştirakçıları salamlayan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş
direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanın ÜST-nin beynəlxalq
təşəbbüslərinin həyata keçirilməsinə mühüm töhfə verdiyini qeyd
edərək, beynəlxalq konfransın işinə uğurlar arzulayıb.

Səhiyyə naziri Teymur Musayevin moderatorluğu ilə baş tutan
videokonfrans Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası
ərəfəsində Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin səhiyyə
nazirlərinin qlobal səhiyyə problemləri və onların müvafiq həll
yollarını müzakirə etmək məqsədilə təşkil olunub.

Teymur Musayev 2020-ci ilin əvvəlində dünya ölkələrinin COVID-19
pandemiyasına məruz qaldığı dövrdə Azərbaycanın Hərəkata sədrliyinə
məsuliyyətlə yanaşmasını diqqətə çatdırıb,

O, Azərbaycanın pandemiya ilə mübarizədə qlobal səylərin
səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürdüyünü deyib:
“Prezident İlham Əliyevin təklifinə əsasən, 2020-ci ilin dekabr
ayında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr
edilib, dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası
təşkil olunub. Azərbaycan, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına
10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib, onun
yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi. Bundan
əlavə, koronavirusa qarşı mübarizələrini dəstəkləmək üçün Qoşulmama
Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və
maliyyə yardımı göstərilib. Azərbaycan təmənnasız olaraq dörd
ölkəyə 150 min doza peyvənd ianə edib”.

Öz çıxışlarında Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin
səhiyyə nazirləri Azərbaycanın “peyvənd millətçiliyi”nə və
peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha
artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə
etməsini yüksək qiymətləndirdilər. Onlar peyvəndlərin dövlətlər
arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini Qoşulmama
Hərəkatına üzv ölkələrin əhalisini qorumaq imkanından məhrum
etdiyini diqqətə çatdırdılar.

Teqlər: