Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən
Konfutsi İnstitutunda BMT rəsmi dillərinin özünəməxsusluğu və
zənginliyini ön plana çəkmək məqsədilə, eləcə də BMT-nin İctimai
İnformasiya Departamentinin təklifi əsasında 2010-cu ildə təsis
edilmiş Çin dili gününə həsr olunan bayram tədbiri keçirilib.
Tədbirdə çıxış edən Konfutsi İnstitutunun Çin tərəfindən
direktoru Li Jihua Çin dili tarixi haqqında danışaraq, Çin
yazısının banisi, əfsanəvi imperator Xuan Dinin sarayının
tarixçisi, köhnə heroqliflərdən sonra piktoqram növlərini
hazırlayan Szyan Szenin bu dilin inkişafına verdiyi töhfələrdən
danışıb. Li Jihua həmçinin ADU-da Çin dilinin tədrisinin metodik
xüsusiyyətləri və perspektivləri haqqında məlumat verib.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan
gənclərinin Çin dilinə və mədəniyyətinə maraqlarının artdığını qeyd
edib. O, ADU-nun Konfutsi İnstitutunun təhsil və mədəni-maarif
sahələrində fəaliyyəti, Çinin təşəbbüsü ilə reallaşan “Bir kəmər –
bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın iştirakına
dair elmi tədqiqatların aparılması barədə məlumat verib.
R.Abbasov, həmçinin təhsil sahəsində Azərbaycan-Çin
əməkdaşlığından danışıb, ümummilli lider Heydər Əliyev və Prezident
İlham Əliyevin Çinə səfərləri zamanı imzalanmış müqavilələrin
əhəmiyyətini vurğulayıb.
ADU-nun çinşünas tələbələri Çin bahar ənənəsinə sadiq qalaraq
qədim Çin klassik poeziyasının tanınmış nümayəndələrinin şeirlərini
oxuyublar. Tədbirdə həmçinin Çin dilində şeirlərin ən yaxşı video
təqdimatı üçün şeir müsabiqəsi də keçirilib.