Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda BMT rəsmi dillərinin özünəməxsusluğu və zənginliyini ön plana çəkmək məqsədilə, eləcə də BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsasında 2010-cu ildə təsis edilmiş Çin dili gününə həsr olunan webinar keçirilib.
ADU-dan AzerTimes-a verilən məlumata görə, Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığından danışaraq, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Çinə səfərləri zamanı imzalanmış müqavilələrin əhəmiyyətini vurğulayıb. R. Abbasov Prezident İlham Əliyevin «Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə» son Fərmani xatırladıb. Bu Saziş hər iki ölkənin ali təhsil müəssisələri arasında ikili diplom proqramlarının həyata keçirilməsini təşviq edir, ali təhsil müəssisələri arasında birbaşa əməkdaşlığın yaradılmasını dəstəkləyirlər.
O, həmçinin ADU-nun Konfutsi İnstitutunun təhsil və mədəni-maarif sahələrində fəaliyyəti, Çinin təşəbbüsü ilə reallaşan “Bir kəmər – bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın iştirakına dair elmi tədqiqatların aparılması barədə məlumat verib. R.Abbasov müasir Çin dilli dünyasından söz açaraq, Azərbaycanda bu dilin öyrənilməsi üçün nəşr olunan metodik vəsaitlərin, proqramların və ADU tərəfindən hazırlanan ilk milli Çin dili dərsliyinin əhəmiyyətini diqqətə çatdırıb.
Vebinarda çıxış edən Konfutsi İnstitutunun müəllimi Əfsanə Mirsalayeva Çin dili tarixi haqqında danışaraq, Çin yazısının banisi, əfsanəvi imperator Xuan Dinin sarayının tarixçisi, köhnə heroqliflərdən sonra piktoqram növlərini hazırlayan Szyan Szenin bu dilin inkişafına verdiyi töhfələrdən danışıb. O, həmçinin ADU-da Çin dilinin tədrisinin perspektivləri haqqında və Çin və Azərbaycan arasındakı diplomatik əlaqələrin 29-cu ildönümü münasibətilə Çin Xalq Respublikasının ölkəmizdə səfiri Qo Min ADU Elmi kitabxanasına Çinin tarixi və mədəniyyəti bəhs edən kitablar hədiyyə edib haqqında məlumat verib.