Azərbaycan Dillər Universitetində (ADU) “Bir günlük xəlifə” layihəsində iştirak etmək üçün müraciət edən tələbələrin seçim prosesi başa çatıb.
Oktyabrın 26-dan noyabrın 26-dək layihədə iştirak üçün 39 rəhbər vəzifə üzrə 217 tələbə müraciət edib. Noyabrın 29-dan dekabrın 3-dək isə ikinci mərhələ seçkilərində 39 vəzifə üzrə 39 namizəd iştirak edib. Rektor vəzifəsi üçün seçilmiş 6 namizəddən Nurlan Tağıyev 56 səslə qalib gəlib. Rektor seçkilərində 125 nəfər seçici qismində iştirak edib. Tələbələr universitetin rektoru, prorektorlar, fakültə dekanları da daxil olmaqla 39 rəhbər vəzifəni icra edəcəklər. Vəzifələri tutan şəxslər həmin gündən universitetin “kölgə kabineti”ni formalaşdırır ki, bu kabinet növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirir.
“Bir günlük xəlifə” layihəsi universitetdə 2017-ci ildən təşkil olunur. Layihə çərçivəsində tələbələr tərəfindən səsvermə yolu ilə seçilən xəlifələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər. Bir gün ərzində rektor, prorektorlar, dekanlar, mərkəz və şöbə müdirləri tələbə, magistr və doktorantlar olurlar. Onlar bir gün ərzində universitetdə tədris prosesi, inzibati və sair işlərlə bağlı qərarlar qəbul edir, bir sıra yeniliklər həyata keçirirlər.
Həmin gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malikdir. Rektor Kamal Abdullanın qərarı ilə “Bir günlük xəlifə” tələbə özünüidarəetmə günündə saat 8:30-dan 20:00-dək müvafiq vəzifələri tutan tələbə, magistr və doktorantlar icra etdikləri vəzifənin maaşını da alırlar.