Azərbaycan dilindəki Vikipediya məqalələrinin sayının artırılması, keyfiyyətinin yüksəldilməsi üçün hansı işlər görülür?

Xəbər - Fərid Zöhrabov – Trend:

Vikipediyanın Azərbaycan dil bölməsində məqalələrin keyfiyyətinin yüksəldilməsi “viki” icmanın qarşısında duran ən vacib fəaliyyət prinsiplərindən biridir.

Bu barədə Trend-ə Vikipediya üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

Onun sözlərinə görə, bu gün “viki” icmada həm kəmiyyət, həm də keyfiyyət diqqətdə saxlanılır:

“Doğma dilimizdə nə qədər çox zəngin məqalələr yaradılarsa, Vikipediyada keyfiyyət də artacaq. Bir zamanlar Vikipediyanın Azərbaycan dili bölməsində məqalələr çoxluq təşkil etmirdi. Bu gün isə fərqli mənzərə yaranıb. Hazırda Azərbaycan dili bölməsində 180 mindən yuxarı məqalə, 6 milyondan çox isə redaktə sayı var. Bu həm keyfiyyəti, həm də kəmiyyəti göstərir.

Son vaxtlar millət vəkili Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılan “Qorqud” Vikipediya Metodik Klubu ölkədə Vikipediya hərəkatının yüksəlişində və inkişafında mühum rol oynayır. Klub həm əlaqələndirici, həm də mərkəz funksiyasını yerinə yetirir. Klubda Ayxan Zayıdzadə, Qulamhüseyn Məmmədov kimi peşəkar ekspertlər, təcrübəli Vikipediya istifadəçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbəsi Sübhan Xıdırzadə fəaliyyət göstərirlər. Klub iki istiqamətdə fəaliyyət göstərir: Klubun ekspert-tərcüməçi qrupu məqalələrin yaradılmasını və əsaslı redaktəsini həyata keçirir, digər qrup isə daxildə və xaricdə Vikipediya təlimlərinin keçirilməsini təşkil edir. Xüsusilə, klub fəalları tərəfindən Vikipediyanın xarici dil bölməsində Azərbaycana aid məqalələr etibarlı, akademik mənbələrlə zənginləşdirilir.

Hazırda Yeni Azərbaycan Partiyasının Yasamal Rayon Təşkilatında Bakı Dövlət Universitetinin tələbələrinə təlimlər Sübhan Xıdırzadə tərəfindən keçirilir. Tələbələr arasında təlimlərə maraq böyükdür. Klub demək olar ki, ali məktəblərdə təlimlərin keçirilməsini planlaşdırır. Bu istiqamətdə fəaliyyətini genişləndirəcək”, – E.Eltürk deyib.

Teqlər: