Azərbaycan dili üzrə test imtahanının nəticələri elan olunub

Məlum olduğu kimi, 2022-ci il 8 may tarixində Dövlət İmtahan
Mərkəzi tərəfindən tədris Azərbaycan dilindən fərqli dillərdə
aparılan ümumi təhsil müəssisələrinin cari ilin 9-cu və 11-ci sinif
şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə
qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki
illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) fənni
üzrə test imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzindən AzerTimes-a verilən məlumata görə,
imtahan nəticələri mayın 20-də saat 17:36-dan etibarən DİM-in
internet səhifəsində yerləşdirilib. Cari ilin məzunları 8 rəqəmli
şagird kodu və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya
FİN kodundan), əvvəlki illərin məzunları isə iş nömrəsi və şəxsi
kabinetinin parolundan istifadə etməklə öz imtahan nəticələri,
cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir
açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola
bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 20555 nəfərdən 414 nəfər
imtahana gəlməyib.

Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum
bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya
sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün
isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət
almış hesab olunurlar.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını
Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları
imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması
üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin
bu imtahandan “qeyri-məqbul” alan abituriyentlərin nəzərinə
çatdırırıq ki, onlar 12 iyun tarixində keçiriləcək ikinci
Azərbaycan dili imtahanında iştirak edə bilərlər. İkinci imtahana
qeydiyyat tarixləri elan olunacaq. Xatırladaq ki, ali və ya orta
ixtisas təhsili müəssisələrinin müsabiqəsində Azərbaycan dili
(dövlət dili kimi) imtahanından məqbul qiymət alan abituriyentlər
iştirak edə bilərlər.

8 may imtahanından “qeyri-məqbul” qiymət alanların yaz qəbul
imtahanlarında iştirakına da icazə verilir.

Mayın 8-də keçirilən imtahan nəticələri ilə bağlı müraciətlərə
baxılması üçün DİM tərəfindən 25 may 2022‑ci il tarixindən etibarən
onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə)
apellyasiya prosesi təşkil ediləcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2022-ci il
22-24 may tarixlərində DİM-in internet saytında yerləşdirilən
elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən
müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün
müraciət edə bilməyəcəklər.

Teqlər: