20 may 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən test imtahanı keçirilib.
DİM-dən AzerTimes-a verilən məlumata görə, imtahanın nəticələri bu gün saat 17:43-dən etibarən DİM-in internet saytında yerləşdirilib. Şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə nəticələri haqqında məlumatla, həmçinin cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.
İştirakçılar imtahanın nəticələri haqqında məlumatı mobil nömrələri (Azercell, Bakcell, Nar, Naxtell) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan 17987 abituriyentdən 396 nəfəri imtahana gəlməyib.
Tələb olunan qaydaları pozduğu üçün 1 nəfərin imtahan nəticəsi ləğv olunub.
Xatırladaq ki, hər iki imtahanda şagirdlərə 30 qapalı tipli test tapşırığı təqdim edilir. Səhv cavablar yekun bala təsir göstərmir. İmtahan iştirakçılarının toplaya biləcəkləri maksimal bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.
Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.
İmtahan nəticələri ilə bağlı Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 24-25 may tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur. Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Apelyasiya prosesi 26-27 may tarixlərində onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) təşkil ediləcək.