Azərbaycan dəmir yolları vasitəsi ilə yüklərin daşınması müzakirə olunub (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Rusiyanın paytaxtı Moskva şəhərində “TransRussia-2021” 25-ci Beynəlxalq nəqliyyat – loqistika və nəqliyyat texnoloqiyaları sərgisi işinə başlayıb. Aprelin 12-dən 14-dək davam edən bu sərgi Avropada ən iri nəqliyyat sərgiləri sırasındadır. Dünyada pandemiya dövrü davam etdiyinə baxmayaraq bu il sərgiyə 23 ölkədən 218 şirkət qatılıb. Tədbirdə dəmir yolu sahəsində çalışan dövlət şirkətləri, beynəlxalq korporasiyalar, yükdaşımalar və logistik kompaniyalar öz xidmətlərini təqdim edirlər.

AzerTimes-ın məlumatına görə, sərgidə “Azərbaycan Dəmir Yolları” QSC, “ADY Ekspres” və “ADY Konteyner” şirkətləri birgə stendlə çıxış edirlər. Azərbaycanın stendi sərgi iştirakçılarının marağına səbəb olub. Onlara ölkəmizin tranzit imkanalrı barədə ətraflı məlumat verilib. Azərbaycan dəmiryolçuları, 44 günlük müharibədən sonra bölgədə yaranan yeni nəqliyyat-kommunikasiya konsepsiyanı, ölkəmizin artan tranzit imkanları və yükdaşımaları asanlaşdırmaq üçün artan imkanlarımızı sərgiləyirlər.

Azərbaycanın ərazisindən keçən Şimal-Cənub, Cənub-Qərb, Şərq–Qərb və Şimal-Qərb kimi nəqliyyat dəhlizləri, Bakı – Tbilisi – Qars dəmir yolu, Astara (Azərbaycan) – Astara(İran) dəmir yolu xətti, İran Astarasındakı terminal və ölkəmizdə həyata keçirilən yeni infrastruktur layihələrinin imkanları və üstünlükləri, barədə ətraflı məlumat verilib. Müzakirələr zamanı, Azərbaycan ərazisindən keçən dəmir yolları vasitəsi ilə yüklərin daşınması diqqət mərkəzində olub.

Azərbaycan təmsilçiləri ölkəmizdə tranzit yükdaşımaları sahəsində görülən işlər, əldə olunmuş nailiyyətlər, reallaşdırılan iri infrastruktur layihələri, ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin üstünlüklərini təqdim ediblər və bu marşrutlara əlavə yüklərin cəlb olunması üçün yeni tərəfdaşlar qazanıblar.

Qeyd edək ki, Sərgi meydanlarının ümumi sahəsi 15 min kv. m. təşkil edən 25-ci beynəlxalq nəqliyyat, loqistika və nəqliyyat texnoloqiyaları sərgisinin işində müxtəlif ölkələrdən 10 minə yaxın mütəxəssis iştirak edir.

Teqlər: