Azərbaycan delimitasiya prosesinə başlamağa hazırdır, lakin Ermənistan buna qarşılıq verməyib – Ceyhun Bayramov

Noyabrın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Annika Söder ilə videokonfrans formatında görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AzerTimes-ə bildirilib ki, görüşdə nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari təhlükəsizlik vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən regionda nəqliyyat kommunikasiyaların açılması ilə bağlı Azərbaycan tərəfindən görülən tədbirlər və digər məsələlər barədə qarşı tərəfə məlumat verib. Azərbaycanın bölgədə uzunmüddətli sülh və əmin-amanlığın təmin olunması mövqeyindən çıxış etdiyi vurğulanıb. Azərbaycanın beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla delimitasiya prosesinə başlamağa hazır olduğu, lakin Ermənistan tərəfindən buna qarşılıq verilmədiyi qeyd edilib.

Nazir, həmçinin azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən həyata keçirilən quruculuq işlərindən danışıb, eləcə də ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı regional layihələr, onların geniş coğrafi bölgənin inkişafı və tərəqqisinə xidmət etdiyini bildirib.

Öz növbəsində xüsusi nümayəndə Annika Söder ATƏT-in fəaliyyətdə olan sədri qismində İsveçin Cənubi Qafqaz bölgəsində regional əməkdaşlığı, bu xüsusda Azərbaycanın səylərini dəstəklədiyini bildirib, bu istiqamətdə fəaliyyətin bütün bölgənin inkişafı üçün önəmli olduğunu ifadə edib.

Tərəflər, Azərbaycanın ATƏT ilə əməkdaşlığı, o cümlədən həyata keçirilən layihələri və gələcək planları, habelə cari ilin dekabr ayında Stokholm şəhərində keçiriləcək qurumun Nazirlər Şurasının 28-ci iclasına hazırlıq məsələlərini müzakirə ediblər.

Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Teqlər: