Azərbaycanda digər ölkələrdə baş verən faciəli hadisələrə görə matəm elan etmə praktikası yoxdur.
Bu sözləri AzerTimes-a açıqlamasında politoloq Aynur Camal İranda baş verən helikopter qəzası nəticəsində Prezident İbrahim Rəisi, XİN rəhbəri Hüseyn Əmir Abdullahian və digər rəsmilərin ölməsinə görə bəzi ölkələrin, o cümlədən qardaş Türkiyənin matəm elan etməsi haqda danışarkən deyib.
Politoloq bu məsələnin iki gündür sosial şəbəkədə həddən artıq çox müzakirə edilməsi haqda qeyd edib ki, ölkəmiz hər zaman faciə və fəlakətlə üzləşən dövlətlərin yanında olub:
“Əlbəttə ki, Azərbaycanda qonşu ölkələrdə baş verən faciələrlə bağlı matəm elan edilməməsi bu hadisələrə qətiyyən laqeyd yanaşdığı mənasına gəlmir. Xatırlayırsınızsa, ötən il 6 fevralda qardaş ölkəmiz olan Türkiyədə dəhşətli zəlzələ baş verdi, 50 mindən çox insan həlak oldu. Azərbaycan matəm elan etmədi, ancaq həm dövlət, həm də xalq olaraq zəlzələdən əziyyət çəkən qardaş-bacılarımızın yanında olduq. İlk xilasedici qrup Azərbaycandan getdi, xilasedicilərimizin necə fədakarlıqla çalışdığını qardaş ölkə mediası belə dəfələrlə tirajladı, xalq olaraq və dövlət səviyyəsində müxtəlif yardımlar göndərildi, Azərbaycan FHN-çiləri çadır şəhərciklər qurdu, Qəhrəmanmaraşda “Azərbaycan məhəlləsi” isə ümumiyyətlə analoqu olmayan qardaşlıq rəmzidir.
İranda baş verən faciəyə görə də yardım təklifi ilə rəsmi müraciət edən ilk 3 ölkədən biri də Azərbaycandır. Cənab Prezidentin tapşırığı ilə FHN-in peşəkar komandası axşam saatlarında yola düşmək üçün tam hazır vəziyyətə gətirildi və gözləyirdilər, ehtiyac yaranacağı halda anında yardıma gedəcəkdilər. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin İran səfirliyinə getməsi və başsağlığını şəxsən çatdırmasının özü də bu məsələyə necə həssaslıqla yanaşdığımızın göstəricisidir.
Azərbaycan dövləti hər zaman qonşularında, hətta daha uzaq ölkələrdə baş verən faciələrdə öz humanist mövqeyi ilə seçilir. Bunun həddən artıq çox nümunəsi var. Ancaq dövlətçilik ənənəmizdə başqa ölkədə baş verən faciəyə görə matəm elan olunması təcrübəsi yoxdur. Buna görə də İranda dövlət rəsmilərinin həlak olmasına görə matəm elan olunacağını düşünmürəm. Buna baxmayaraq, Azərbaycan hər zaman faciə ilə üzləşən qonşu və dost ölkələrə yardımlarını da heç vaxt əsirgəməyib”.