Azərbaycan cüdoçusu “Böyük dəbilqə” turnirində gümüş medala sahib olub

Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Təl-Əvivdə keçirilən “Böyük
dəbilqə” turnirində gümüş medala sahib olub.

AzerTimes-ın
məlumatına görə, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan
təmsilçimiz ilk görüşdə ukraynalı Yevhen Honçarko, sonrakı
qarşılaşmalarda İsrail cüdoçusu Eylon Barşeşet, ispaniyalı Alberto
Martınə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda
Monqolustan təmsilçisi Xerlen Qanboldu məğlub edən idmançımız adını
finala yazdırıb. Yaşar Nəcəfovun monqolustanlı rəqibinə tətbiq
etdiyi fənd Beynəlxalq Cüdo Federasiyasının şərhçiləri tərəfindən
xüsusi maraqla qarşılanıb.

Həlledici mərhələdə cüdoçumuz israilli Barux Şmailova uduzaraq
ikinci yerlə kifayətlənməli olub.


Komandamızın digər üzvü Kəramət Hüseynov (60 kq) isə
yarımfinalda qazaxıstanlı rəqibi Bauyrzan Narbayev ilə qarşılaşmada
vazari fəndi ilə irəli olduğu halda zədələndiyi üçün həkimin
qərarına əsasən, döyüşü dayandırmalı olub. Milli yığmanın həkiminin
qərarına əsasən o, üçüncü yer uğrunda görüşə çıxmayıb. K.Hüseynovun
zədəsinin ağırlıq dərəcəsi aparılacaq müayinələrdən sonra
müəyyənləşəcək.

Azərbaycan turnirə 9 cüdoçu ilə qatılıb.

Teqlər: