Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdəndir – Tamam Cəfərova

COVID-19 pandemiyası dünyada yayılmağa başladığı gündən etibarən ümumilikdə 132 730 691 yoluxma, 2 880 726 ölüm halı qeydə alınıb. Yoluxma hallarının sayına görə birinci yerdə Avropa qitəsi (257 789), ikinci yerdə Şimali və Cənubi Amerika (247 444), üçüncü yerdə – cənub-şərqi Asiya (145 724) regionu qərarlaşıb. Bu haqda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat verib. Bildiyimiz kimi, aprel ayının 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü əsasında dünyanın dörd ölkəsinin dövlət və hökumət başçılarının videomüraciəti yayımlanıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin videomüraciəti də belə bir önəmli tədbirdə yayımlanıb. Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru Tedros Adhanom Qebreyesusun cənab Prezident İlham Əliyevin çıxışına münasibət bildirərkən, “…Mən Sizin peyvəndlərə bərabərhüquqlu, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin olunması ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında göstərdiyiniz liderliyi alqışlayıram və peyvəndlərin ədalətli şəkildə paylanılması üçün tərəfimizdən daha çox işlərin görülməli olması ilə bağlı fikrinizlə razıyam” deməsi Azərbaycan Respublikasına və onun Prezidentinə beynəlxalq ictimaiyyətin göstərdiyi hörmət və ehtiramın növbəti dəfə təzahürüdür.

Bu barədə AzerTimes-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

COVİD-19 pandemiyası ilə mübarizədə ölkəmizin nümunəvi dövlətlərdən olduğunu deyən millət vəkili bildirib ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub.Belə ki, Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Bunlarla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərib. Bütün bunlar Azərbaycanın beynəlxalq məsuliyyətinə sadiq bir ölkə olduğunun əyani sübutudur.

T. Cəfərova qeyd edib ki, cənab Prezident İlham Əliyev dəfələrlə beynəlxalq tədbirlərdəki çıxışlarında pandemiya ilə mübarizədə yarana biləcək problemlərə qarşı qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Eyni zamanda ölkə başçımız vaksin kimi önəmli məsələdə də təşəbbüskar kimi çıxış edərək, liderlik örnəyi nümayiş etdirib. Belə ki, Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi irəli sürüb və konsensus əsasında bu qətnamə qəbul edilib. Eyni zamanda onu da qeyd etməliyik ki, Azərbaycan COVAX təşəbbüsünü dəstəkləyən və ona ilk qoşulan ölkələrdən biridir.

Ölkə başçısının vaxtında uzaqgörənliklə həyata keçirdiyi tədbirlər sayəsində hazırda ölkəmizdə vaksinasiya prosesi uğurla davam etdirilir. Artıq ölkəmizdə 1-ci mərhələ üzrə 706433 nəfər, 2-ci mərhələ üzrə isə 405289 nəfər vaksinasiya olunub. Sevindirici haldır ki, dövlətin apardığı siyasətə münasibətdə Azərbaycan xalqı vəziyyəti düzgün qiymətləndirməyi bacarır və könüllü vaksin vurdurur. Bir ildən çoxdur ki, koronavirus pandemiyası bütün dünyanı iflic etməyə davam edir. Bu bəşəri bəladan xilas olmağın yeganə yolu ehtiyat tədbirlərini görməklə yanaşı, vaksinasiya prosesində fəal iştirak etmək və bu məsələdə də həmrəylik nümayiş etdirməkdir. Cənab Prezident İlham Əliyevin dediyi kimi “ Biz birlikdə güclüyük”.

Teqlər: