Azərbaycan COVID-19 pandemiyası ilə fəal mübarizə aparıb və bu məqsədlə dövlət büdcəsindən ümumilikdə 2 milyard vəsait ayrılıb. Biz pandemiya ilə mübarizədə yolun ortasındayıq. Turizm sektoruna, iqtisadiyyata, bütün sahələrə ciddi ziyan dəyib. Bu çətin vəziyyətdən çıxış yolunun tapılması, iqtisadiyyatın dirçəldilməsi müdaxiləsiz mümkün deyil. Qüvvələr səfərbər edilməlidir.
AzerTimes xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov noyabrın 4-də VIII Bakı Qlobal Forumu çərçivəsində ikinci panel müzakirələri zamanı deyib.
Şahmar Mövsümov diqqətə çatdırıb ki, pandemiya səbəbindən əsas diqqət, əlavə vəsait səhiyyə və iqtisadiyyata sərf edildi. Nəticədə ölkədə ÜDM-də 4,2 faiz azalma müşahidə olundu. Bu il Azərbaycanın iqtisadiyyatında 5,9 faiz artım müşahidə olunub, gələn il isə bu rəqəmin 4,7 faiz olacağı gözlənilir.
Azərbaycanda əhalinin 40 faizinin artıq vaksinasiya olunduğunu və bu prosesin etdiyini bildirən Prezidentin köməkçisi bəzi ölkələrdə bu göstəricinin 10 faiz təşkil etdiyini vurğulayıb. Bunun da səbəbinin Azərbaycan Prezident İlham Əliyevin qeyd etdiyi kimi, vaksinlərin ölkələr arasında bölüşdürülməsindəki ədalətsizliklə bağlı olduğunu deyib.