1 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyində (XİN) Azərbaycan Respublikası və Çin Xalq
Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu
ildönümü münasibətilə tədbir və sərgi keçirilib.
XİN-dən AzerTimes-a bildirilib ki, tədbirdə AR XİN rəhbər heyəti,
Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi
qrupunun üzvü, Çin Xalq Respublikasının Azərbaycan
Respublikasındakı Səfirliyinin rəhbərliyi və əməkdaşları, Bakı
Dövlət Universiteti və Azərbaycan Dillər Universiteti nəzdində
fəaliyyət göstərən Konfutsi İnstitutunun rəhbərliyi və
nümayəndələri, habelə Azərbaycanda fəaliyyət göstərən şirkətlərin
təmsilçiləri iştirak edib.
Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə
başlayıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər
nazirinin müavini Elnur Məmmədov iki ölkə arasında diplomatik
əlaqələrin əsasının qoyulmasından etibarən münasibətlərimizin
qarşılıqlı hörmətə, etimada, dostluğa əsaslanaraq xalqlarımızın
mənafelərinə uyğun şəkildə inkişaf etdiyini bildirib. Nazir
müavini, iki ölkə arasında yalnız ikitərəfli münasibətlər
kontekstində deyil, eyni zamanda çoxtərəfli platformalarda da
səmərəli əməkdaşlığın mövcud olduğunu qeyd edib. Azərbaycan və Çin
arasında yüksələn xətt üzrə inkişaf edən iqtisadi əlaqələrinin
olduğunu vurğulayan E. Məmmədov, Çin şirkətlərinin Azərbaycanın
işğaldan azad edilmiş ərazilərində investisiya layihələrində
iştirakının iqtisadi əməkdaşlığın daha da inkişafı üçün əsas meyar
olacağını ifadə edib.
Daha sonra çıxış edən Çinin Azərbaycandakı səfiri xanım Qo Min
diplomatik münasibətlərin qurulmasından keçən 30 il ərzində
beynəlxalq vəziyyətin dəyişməsindən asılı olmayaraq ölkələrimizin
hər zaman qarşılıqlı şəkildə bir-birilərini dəstəklədiyini,
bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşdığını
bildirib. Səfir, Çin və Azərbaycan arasında bir çox sahələrdə, o
cümlədən iqtisadiyyat, ticarət, nəqliyyat, enerji, rabitə, təhsil,
mədəniyyət, incəsənət sahələrində əməkdaşlığın mövcudluğunu
məmnunluqla qeyd edərək, iki ölkənin “Bir kəmər, bir yol” təşəbbüsü
çərçivəsində də səmərəli əməkdaşlıq etdiyini vurğulayıb. Qo Min,
həmçinin iki ölkənin qlobal COVID-19 pandemiyası dövründə də
bir-birilərinə qarşılıqlı yardım və dəstək göstərməsinin
ölkələrimiz arasındakı dostluğun bariz nümunəsi olduğunu
bildirib.
Tədbirin sonunda iştirakçılar Azərbaycan və Çin arasında
diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış
olublar.