Azərbaycan bu qrupa 2 il sədrlik edəcək

Azərbaycan bu qrupa 2 il sədrlik edəcək

Azərbaycan Mərkəzi-Şərqi Avropa regional qrupuna iki il müddətinə sədr və COP16 Bürosuna üzv seçilib.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2-13 dekabr 2024-cü il tarixlərinda Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilməkdə olan BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasının 16-cı Tərəflər Konfransı (COP16) çərçivəsində Azərbaycan Respublikası yekdilliklə təmsil olunduğu Mərkəzi və Şərqi Avropa regional qrupuna iki il müddətinə sədr və COP16 Bürosuna üzv seçilib.

“Sədrlik dövründə ölkəmiz həmçinin qurumun Tərəflər Konfransının vitse-prezidentliyini də həyata keçirəcək.

Qrupa Azərbaycan Respublikası ilə bərabər 15 Şərqi və Mərkəzi Avropa dövlətləri daxildir.

2001-ci ildə COP5 çərçivəsində təsis edilmiş UNCCD-nin Şərqi və Mərkəzi Avropa qrupunun Regional Fəaliyyət Proqramı 2015-ci ildə təsdiqlənib. Qrup çərçivəsində regional fəaliyyətin gücləndirilməsi, biliklərin artırılması, ekoloji kənd təsərrüfatı və s. prioritet sahələr müəyyən olunub.

12 regionun təmsil olunduğu COP16 Bürosunun əsas vəzifələri COP qərarlarının həyata keçirilməsinə nəzarətin və gələcək COP iclasları üzrə işlərin təşkilidir. COP Bürosu həmçinin COP sessiyaları arasında həyata keçirilən öhdəliklərin icrasına nəzarət edir”, – XİN-in məlumatında deyilir.

Teqlər: