Xəbər - Humay Ağacanova – Trend:
Dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib.
Görüşən nəticəsinə dair verilən bəyənatda Aİ Şurasının Prezidenti tərəfindən Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin aradan qaldırılmasına, Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilib.
Şarl Mişel bildirib ki, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklər yerinə yetirilməlidir. Bəyanatda ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu daxil edilib, onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub.
Bəyanatda regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyi ifadə edilib. Qurumun hətta iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyi də vurğulanıb.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Brüssel bəyanatı Azərbaycanın qalib tərəf kimi Soçi bəyanatında diktə ediyi şərtlərin növbəti dəfə təsdiqlənməsi baxımından böyük əhəmiyyətə malikdir.
“Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı Azərbaycanın qalib tərəf kimi təklifi, eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə bağlı yekun olaraq Azərbaycanın fikirləri Rusiya tərəfindən təsdiqləndi. Avropa İttifaqı isə Brüssel bəyanatı ilə həmin bu şərtlərin onlar üçün də məqbul olması barədə öz razılığını ortaya qoymuş oldu. Eyni zamanda ilk dəfə olaraq birinci Qarabağ müharibəsindən bu yana itkin və əsir düşmüş 4 minə yaxın Azərbaycan vətəndaşının taleyi ilə bağlı Ermənistana çağırış edildi. Bugünə qədər Ermənistan Birinci Qarabağ müharibəsində əsir və itkin düşmüş azərbaycanlılarla bağlı heç bir məlumat təqdim etmirdi. Təəssüflər olsun ki, tək Ermənistan yox, həmçinin dünyanın insan hüquqları təşkilatları, beynəlxalq qurumları Qərbin siyasi mərkəzləri bununla bağlı Ermənistana hər hansı bir təzyiq etmirdi”,- deyə o qeyd edib.
Politoloq bildirib ki, Paşinyan Brüssel görüşünə qədər sərhəddə təxribatlar törədərək, müxtəlif təxriabtçı bəyanatlar verərək növbəti dəfə Qərbdən hansısa siyasi dəstək almağa çalışırdı.
“Lakin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dünən ortaya qoyduğu mövqe bizim üçün əlamətdar idi. Çünki Avropa İttifaqı Azərbaycanın haqlı və qalib tərəf kimi rəli sürdüyü şərtləri bir daha təsdiqlədi. Eyni zamanda gələcəkdə Cənubi Qafqazda sülhün əsas prioritet olması ilə bağlı Avropa İttifaqı Rusiya ilə eyni mövqeyi bölüşür. Bu da düşünürəm ki, pandemiyadan sonrakı dövrün siyasi konturları baxımından təkcə Azərbaycan və Ermənistan üçün yox, bütün region üçün mühüm əhəmiyyətə malikdir”,-deyə politoloq vurğulayıb.
“Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan rəhbərlərinin Brüssel görüşü prinsipcə Soçi görüşünün davamı oldu.
“Brüssel görüşü Soçi razılaşmalarını daha da möhkəmləndirdi. Keçmiş münaqişə kontekstində o məsələləri ki Ermənistan bəhanələrlə gecikdirirdi, Brüssel müzakirələri Ermənistanın pozucu manevr imkanlarını daraltdı. Azərbaycan Prezidenti Brüsseldə Ermənistanın üzərinə daha konkret öhdəlik və məsuliyyətlərin qoyulmasına nail ola bildi. Ermənistanın Brüseldə Minsk Qrupu formatı və ya status danışıqlarına oxşar məzmunda bəyanatlar səslənməsinə bəslədiyi ümidlər tam alt-üst oldu. Nə Minsk Qrupu həmsədrlər qrupu, nə də status danışıqları anlayışlarından iatifadə edilmədi. Əksinə Avropa İttifaqı tərəfləri münaqişə vəziyyətlərini aradan qaldırmağa və sülh sazişi imzalamağa çağırdı. Aİ- nin saziş barədə çağırışı onun münaqişənin bitdiyi barədə Azərbaycanın mövqeyini qəbul etməsinin göstəricisi kimi qəbul edilə bilər”,- deyə o qeyd edib.
A.Quliyev bildirib ki, Brüssel görüşünün mühüm nəticələrindən biri Azərbaycanın “dəhliz diplomatiyasının” qalib gəlməsidir. Prezidentin “Zəngəzur dəhlizi Laçın dəhlizinə analoji olmalıdır” məntiqi Avropada tam dəstəkləndi.
“Brüssel görüşü Ermənistanın üzərinə Zəngəzur dəhlizi ilə bağlı işçi qrup yaratmaq öhdəliyini daha konkret şəkildə qoydu. Ən mühüm nəticələrdən biri də odur ki, Prezident İlham Əliyev Zəngəzur dəhlizində Ermənistanın “dəmiryolu və avtomobil yolu” kimi vəziyyəti qəlizləşdirən yanaşmalarına son qoydu. Prezident İlham Əliyev Brüsseldə birmənalı təsdiqlətdi ki, Zəngəzur dəhlizində həm dəmiryolu, həm də avtomobil yolu olacaq və dəhliz hərəkətə maneəsizlik rejimində işləyəcək”, – deyə o qeyd edib.
Ekspert həmçinin Brüssel görüşünün itkin azərbaycanlıların taleyini aydınlaşdırmaq məsələsini aktual etdiyinə görə də əhəmiyyətli olmasını, Ermənistanın hələ 90-cı illərdə məhv etdiyi etnik azərbaycanlıların taleyini aydınlaşdırmağa imkan açdığını vurğuladı.
Yekun olaraq politoloqlar hesab edir ki, Soçi razılaşmasının arxasınca Brüssel razılaşmaları bölgəmizlə bağlı Azərbaycanın irəli sürdüyü sülh platformalarına böyük perspektivlər təmin edir.