Azərbaycan, Britaniya və Şimali İrlandiya diplomatik münasibətlərinin 30-cu ildönümü qeyd olunub

11 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyində (XİN) Azərbaycan Respublikası, Böyük Britaniya
və Şimali İrlandiya Birləşmiş Krallığı arasında diplomatik
münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və
sərgi keçirilib.

XİN-dən AzerTimes-a
bildirilib ki, tədbirdə AR XİN rəhbər heyəti, Böyük Britaniya və
Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı
Səfirliyinin əməkdaşları, habelə Britaniya Şurasının nümayəndələri
iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər
nazirinin müavini Xələf Xələfov, Azərbaycan və Böyük Britaniya
arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticari, mədəni,
təhsil və digər sahələrdə münasibətlərin 30 illik inkişaf yoluna
nəzər salıb və iki ölkə arasındakı münasibətlərin strateji
tərəfdaşlıq xarakteri daşıdığını bildirib.

Daha sonra çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri
Ceyms Layl Şarp, Azərbaycan və Böyük Britaniya arasında müxtəlif
sahələrdə, o cümlədən energetika sahəsində əməkdaşlığın uğurla
davam etdiyini bildirib. Səfir, BP və digər Britaniya şirkətlərinin
Azərbaycandakı fəaliyyətini vurğulamaqla yanaşı, Azərbaycanın da öz
növbəsində Avropanın enerji təhlükəsizliyinə töhfəsini məmnunluqla
qeyd edib.

Sonra çıxış edən Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə
ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycan və Böyük
Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi
münasibətilə öz səmimi təbriklərini tədbir iştirakçılarının
diqqətinə çatdırıb.

Sonda tədbir iştirakçıları Azərbaycan və Böyük Britaniya
arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi
ilə tanış olublar.

Teqlər: