Aprelin 22-də Bakı Slavyan Universitetinin (BSU) Bolqar Dili və
Mədəniyyəti Mərkəzində Azərbaycan-Bolqarıstan diplomatik
münasibətlərinin 30 illiyinə həsr olunmuş “dəyirmi masa”
keçirilib.
BSU-nun Humanitar və sosial elmlər fakültəsinin “Regionşünaslıq”
ixtisasında tədris olunan ölkələrlə Azərbaycan arasında diplomatik
münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar silsilə
tədbirlər çərçivəsində keçirilən “dəyirmi masa”da ali məktəbin
professor-müəllim heyəti və bolqarşünas tələbələr iştirak
ediblər.
BSU-nun Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov
tədbiri açaraq Azərbaycan-Bolqarıstan diplomatik münasibətlərinin
əhəmiyyəti haqqında danışıb. Bildirib ki, bu əlaqələr 1992-ci il
iyun ayının 5-də rəsmi şəkildə qurulub.
R.Novruzov ikitərəfli əlaqələrin elm, təhsil, mədəniyyət
sahəsində də uğurla inkişaf etdiyini, bu əlaqələrin inkişafında
Bakı Slavyan Universitetinin böyük rolu olduğunu, universitetdə
bolqar dilinin müvəffəqiyyətlə tədris edildiyini vurğulayıb.
Tədbirdə BSU-nun Humanitar və sosial elmlər fakültəsinin dekanı,
dosent Sevda Axundova çıxış edərək bu ali məktəbdə bolqarşünaslığın
tədrisi haqqında danışıb. Qeyd edib ki, rəhbərlik etdiyi fakültənin
nəzdindəki “Regionşünaslıq” ixtisasında bolqarşünaslığın tədrisi
2004-cü ildən başlayıb: “Həmin ildən BSU-da Bolqar Dili və
Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Bu mərkəz Bolqarıstanın
Azərbaycandakı səfirliyinin köməyi ilə yaradılıb. 2004-cü il
oktyabrın 7-də Bolqarıstanın Prezidenti Georgi Pırvanovun iştirakı
ilə mərkəzin açılış mərasimi olub.”
Tədbirdə çıxış edən BSU-nun Beynəlxalq münasibətlər kafedrasının
müdiri, dosent Habil Məmmədov Azərbaycanla Bolqarıstanın
siyasi-iqtisadi, mədəni əlaqələri, Diplomatiya və xarici siyasət
kafedrasının müdiri, dosent Əsgər Əhməd isə müasir dövrdə iki ölkə
münasibətlərinin inkişaf dinamikası haqqında danışıblar.
“Dəyirmi masa”da BSU-nun Slavyan filologiyası kafedrasının
bolqarıstanlı baş müəllimləri Bisserka Veleva, İrina Pçelintsına
çıxış edərək iki ölkənin təşəbbüsü ilə keçirilən mədəni tədbirlər,
bolqar dilinin Azərbaycanda tədrisindən söhbət açıblar.
Çıxış edən BSU-nun Jurnalistika kafedrasının müdiri, professor
Vüqar Rəhimzadə tədbirin olduqca maraqlı mövzuya həsr olunduğunu
vurğulayıb: “Burada edilən məruzələr tələbələr üçün də çox
maraqlıdır. “Dəyirmi masa”da diplomatik münasibətlərin 30 illiyi
ərəfəsində olan proseslərlə, həmçinin siyasi, iqtisadi, humanitar
və mədəni əlaqələrin daha da dərinləşməsi sahəsində kifayət qədər
zəngin statistik faktlarla tanış olduq. Hesab edirəm ki, tələbələr
bu məlumatları davamlı və sistemli şəkildə xatırlayacaqlar. Bu,
onların gələcəkdə yaxşı mütəxəssis kimi formalaşmasında xüsusi önəm
kəsb edən faktorlardan biridir.”
V.Rəhimzadə bildirib ki, Bakı Slavyan Universiteti hər bir
pedaqoq və tələbə üçün çox yaxşı bir ənənənin başlanğıcını qoyur:
“Təklif edirəm ki, ölkələrimiz arasında diplomatik münasibətlərin
yaradılmasının 30 illiyi münasibəti ilə Bolqarıstanın
Azərbaycandakı səfirliyinin və Bakı Slavyan Universitetinin birgə
təşkilatçılığı ilə bolqar dilində təhsil alan tələbələr arasında
inşa yazı müsabiqəsi keçirilsin. Qalib tələbə üçün Bolqarıstana
səfər təşkil olunsun. Bu, həm də tələbələrimizin bolqar dilini daha
yaxşı mənimsəmələrinə kömək edərdi.”
Tədbirdə BSU-nun Bolqar Dili və Mədəniyyət Mərkəzinin
hazırladığı videoçarx nümayiş etdirilib.