Azərbaycan bölgədə sülhün bərqərar olması üçün bütün təşəbbüslərə açıqdır – TƏHLİL

Xəbər - Elçin Mehdiyev, Humay Ağacanova – Trend:

Noyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının (Aİ) prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

Şarl Mişel dekabrın 15-nə planlaşdırılan Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirməyi təklif edib.

Cənubi Qafqazda firavanlıq və sabitliyi təmin etmək məqsədilə regiondakı vəziyyəti və gərginliyin aradan qaldırılması yollarını müzakirə etmək üçün Brüsseldə görüşün keçirilməsi barədə razılıq əldə olunub.

Məsələ ilə bağlı AzerTimes-a açıqlama verən Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, Şarl Mişelin Azərbaycan və Ermənistan liderlərinə zəngləri və irəli sürdüyü təşəbbüslər Azərbaycan tərəfindən ona görə dəstəklənir ki, ölkəmiz bölgədə sülhün bərqərar olması üçün bütün təşəbbüslərə açıqdır, o cümlədən sərhədlərin müəyyənləşdirilməsi, sülh müqaviləsinin imzalanması üçün bütün tərəflərlə təmaslara hazırdır.

Deputat bildirib ki, Azərbaycan haqlı, ədalətli tərəfdir və eyni zamanda, Azərbaycan qalib və güclü tərəfdir.

“Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu məhv etdi. Noyabrın 16-da Ermənistan tərəfindən törədilən genişmiqyaslı təxribatın nəticəsi Ermənistan üçün yenə də ağır oldu.

Həmin ərəfədə Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri belə bir bəyanatla çıxış etmişdi ki, əgər bu qarşıdurmada Rusiya Ermənistana dəstək olmasa, Ermənistan digər beynəlxalq tərəfdaşlara müraciət edəcək. Bu bəyanat Ermənistanın Rusiyanı açıq-aşkar şəkildə şantaj etməsi idi və güman ki, bu bəyanatın sifarişi Paşinyana Qərbdən gəlmişdi, çünki Qərb dairələri Ermənistanla birləşib Moskvanı proseslərdən kənarlaşdırmağa çalışırlar” – deyə, deputat bildirib.

C.Osmanov vurğulayıb ki, 16 noyabr təxribatı Ermənistan üçün növbəti ağır zərbə oldu: “44 günlük Vətən müharibəsində darmadağın edilən Ermənistan ordusu öz qalıqlarını toplayaraq təxribata cəhd etsə də Azərbaycan Silahl Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində yenidən ağır zərbə aldı. Bununla da Azərbaycan öz hərbi və siyasi mövqelərini daha da gücləndirmiş oldu. Bu döyüşlər zamanı erməni tərəfinin 20-dən artıq ölü və 100-ə yaxın yaralı verməsi bir daha Azərbaycan ordusunun gücünü göstərdi. Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü hər zaman qoruyacaq. Ermənistan siyasi rəhbərliyi isə hərzamankı kimi şantaj, yalvarış yolunu tutur” – deyə, C.Osmanov qeyd edib.

Politoloq Elxan Şahinoğlu isə AzerTimes-a açıqlaması zamanı Avropa İttifaqının görüş təşəbbüsünün təqdirəlayiq olduğunu bildirib.

“Azərbaycan İkinci Qarabağ Müharibəsində qələbə qazanıb və biz danışıqlardan əsla çəkinmirik, əksinə, maraqlıyıq. Danışılacaq mövzular da yetəri qədər çoxdur. Sülh sazişinin mətni üzərində işlər getməli, sərhədlərin müəyyənləşməsi ilə bağlı danışıqlar başlanmalı, dəhliz açılmalıdır. Bu məsələlərin müzakirəsinə və həllinə ehtiyac var. Əlbəttə, bir görüşlə bütün məsələlər həll olunmayacaq. Lakin önəmli olan görüş və fikir mübadiləsinin aparılmasıdır” – deyə, o qeyd edib

Poltiloq bildirib ki, sərhəddə baş verən toqquşmalar Azərbaycanın maraqlarına cavab vermir.

“Azərbaycan və Ermənsitan Avropa İttifaqının tərəfdaşıdır. Hər iki ölkə Şərq Tərəfdaşlıq proqramının üzvüdür. Bu baxımdan, Brüsseldə olacaq görüşü faydalı hesab edirəm. Lakin bir görüşlə nəticə əldə ediləciyini düşünmürəm. Növbəti bir hərbi toqquşmadansa, görüşlərin və danışıqların olması hər iki tərəf üçün faydalıdır. Yetər ki, sazişlər üzərində işə başlanılsın” – deyə, politoloq vurğulayıb.

Xatırladaq ki, Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycan tərəfi hər zaman siyasi dialoqa açıqdır və bu kimi təmasları müsbət qarşılayır. Bu xüsusda, Aİ Şurasının Prezidentinin Brüssel Zirvəsi çərçivəsində Aİ-nin vasitəçiliyi ilə iki ölkə liderinin görüşünün təşkili təklifinə Azərbaycan tərəfindən razılıq verilib.

Teqlər: