Azərbaycan boksçuları Ermənistanda keçiriləcək yarışa
qatılmayacaq.
Bu barədə AzerTimes-a Azərbaycan Boks Federasiyasından məlumat
verilib.
Qeyd olunub ki, Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin
iclası keçirilib. Yığıncaqda mayın 21-31-də Ermənistanın paytaxtı
İrəvanda təşkil olunacaq kişi boksçular arasında Avropa
çempionatında iştirak məsələsi müzakirə edilib.
Müzakirələr nəticəsində Beynəlxalq Boks Assosiasiyasına may
ayında keçiriləcək seçkilər, idmançılarımızın boks üzrə dünya
çempionatına təlim-məşq toplanışları və hazırlıq proqramları,
habelə digər həssas məqamlar nəzərə alınaraq may ayında Avropa
çempionatına qatılmamaq barədə qərar qəbul edilib.
Qeyd edək ki, Azərbaycan boksçuları cari ilin mart və aprel
aylarında mübarizə apardıqları son 2 Avropa birinciliyində uğurlu
çıxışları ilə yadda qalıblar. Onlar U-22-lərin qitə çempionatında 1
qızıl, 1 gümüş və 2 bürünc medal qazanmaqla boks tariximizin 10 il
əvvəlki rekordunu təkrarlayıblar.
Gənc boksçular arasında Avropa birinciliyində isə komandamız 3
illik fasilədən sonra yeni uğura imza ataraq çempionluq əldə edib.
Komandamız yarışı 1 qızıl və 1 bürünc medalla bitirib.