Azərbaycan Respublikası və BMT arasında siyasi, hüquqi münasibətlərlə yanaşı, iqtisadi-sosial sahədə də geniş əməkdaşlıq mövcuddur və tərəflər arasında bu istiqamətdə əlaqələr geniş xarakter alamaqdadır. Ölkəmiz BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, İnkişaf Proqramı, Uşaq Fondu , Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Ərzaq Proqramı və digər geniş proqramlar vasitəsilə sıx və faydalı əməkdaşlıq etməkdədir. Azərbaycan BMT və Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə COVİD-19 pandemiyası ilə mübarizə tədbirlərində də çox əhəmiyyətli birgə əməkdaşlıq imkanlarını ortaya qoydu.
Bunu AzerTimes-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
Deputat deyib ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı etdi: “Pandemiya ilə mübarizə sahəsində Azərbaycanın müfəssəl səyləri beynəlxalq səviyyədə təqdir olundu və nümunəvi ölkə adlandırıldı. Azərbaycanın pandemiya ilə mübarizədə güclü qlobal həmrəyliyi BMT-nin Baş katibi cənab Antoniu Quterreş tərəfindən yüksək dəyərləndirildi”.
Millət vəkili Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində çıxışı zamanı da BMT-Azərbaycan əlaqələrin dinamikasına xüsusi diqqət yetirildiyini və dövlətimizin başçısının bu nitqinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək maraq doğurduğunu bildirib: “Cənab Prezident çıxışında Azərbaycanın BMT-də yüksək nüfuza malik ölkə və Qoşulamama Hərəkatının sədri kimi sosial, səhiyyə, humanitar sahələrdə xüsusi təşəbbüskarlığından bəhs etdi. Bəyan olunduğu kimi, Azərbaycan ən mühüm qlobal iqtisadi platforma olan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi sahəsində öncül yerlərdən birini tutur. Azərbaycan dünyada 2030-cu il Gündəliyinin icrası ilə bağlı 3-cü Könüllü Milli Hesabatını təqdim edən 12 ölkədən biri, öz regionunda isə ilk dövlətdir.
Dayanıqlı İnkişaf Məqsədlərinin nailiyyət indeksi üzrə mümkün 100 xaldan 72.4 xal toplayan Azərbaycan regionda ən yaxşı nəticə göstərərək 2021-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında 165 ölkə arasında 55-ci yeri tutub. Hesabatda Azərbaycanın yoxsulluğun azaldılması, səhiyyə, qidalanma, qadınların əmək bazarında iştirakı, təmiz su və sanitariya, enerjiyə əlçatanlıq, internet istifadəsi, nəsli kəsilmək təhlükəsi olan canlıların mühafizəsi, əhalinin rifahının yaxşılaşdırılması, şəhər və yaşayış məntəqələrinin dayanıqlı inkişafı sahələrində əldə etdiyi tərəqqi təqdir edilib. Bu, bir daha Azərbaycanın BMT-nin iqtisadi proqramlarında böyük uğular əldə etməsini təsdiqləyir”.
A.Hüseynov onu da bildirib ki, Azərbaycan BMT-nin İqlim dəyişikliyi və ekoloji mühitin yaxşılaşdırılması kimi təşəbbüslərində də fəal rol oynayır: “Prezidentin çıxışında bu məsələlərə də diqqət yetirildi və xüsusilə də təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi hədəfləri qarşıya məqsəd qoymuş Azərbaycanın ekoloji təmiz texnologiyaların tətbiqi, təmiz enerji mənbələrindən istifadə sahəsində başlatdığı yeni siyasətin konturları dünya ictimaiyyətinə təqdim edildi.
Azərbaycan Prezidenti 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ bölgəsində həyata keçiriləcək yaşıl enerji layihələri barədə məlumat verərək, 240 meqavat gücündə günəş elektrik stansiyasının Azərbaycanın azad olunmuş ərazilərində ən böyük birbaşa xarici sərmayə qoyuluşu layihəsi olacağını xatırlatdı. Beynəlxalq enerji şirkətlərini də Azərbaycanın azad olunmuş ərazilərində yaşıl enerji layihələrinə sərmayə qoymağa dəvət etdi.
Bərpa olunan enerji, xüsusilə, külək enerjisi üçün nəhəng potensialı olan Laçın, Kəlbəcər, Cəbrayıl və Zəngilanda günəş enerjisi və su resursları, günəş və külək enerjisi istehsalı üçün ən cəlbedici mühitin yaradılacağı bəyan olundu. Bu da Azərbaycanın böyük nailiyyəti hesab edilə bilər”.
Cənab İlham Əliyev BMT-nin sessiyasında Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional əlaqələndirmə layihələrinin icrasında fəal iştirak etməsinə, Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməsinə də toxundu, dünya miqyasında böyük əməkdaşlıq layihələrinin müəllifinə çevrildiyini bildirdi. “Məhz Azərbaycanın təşəbbüskarlığı və beynəlxalq birliyə töhfəverici rolunu nəzərə alınaraq Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Sədrliyini daha bir il – 2023-cü ilin sonuna qədər uzadılmasına dair yekdil qərar qəbul edilməsi də ölkəmizin başçısının yürütdüyü müdrik siyasətin nəticəsidir”.